×
A
A
A
Sazlamalar

E-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi modelləri və metodları tədqiq olunur

Bakı, 21 iyun, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya şurasının onlayn iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə “E-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi modelləri və metodları” mövzusunda dissertasiya işini təqdim edib. O, mövzunun aktuallığı, qarşıya qoyulmuş məsələlər və onların həlli yolları haqqında məlumat verib. Alim dissertasiya işinin məqsədinin e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsinin elmi-nəzəri və metodoloji əsaslarının inkişafı və təkmilləşdirilməsi üçün modellərin və metodların işlənilməsi olduğunu qeyd edib. Y.İmamverdiyev dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün tədqiq olunmuş məsələləri diqqətə çatdırıb. Əldə edilmiş elmi yeniliklər və onların əhəmiyyətindən söz açan iddiaçı qeyd edib ki, informasiya təhlükəsizliyi vəziyyətinin qiymətləndirilməsi üzrə modellər və metodlar işlənilib. Dissertasiya işinin əsas nəzəri və praktiki nəticələri AMEA-nın “AzScienceNet” elmi kompüter şəbəkəsinin təhlükəsizlik sistemlərinin layihələndirilməsi və istismarı zamanı istifadə edilib. Y.İmamverdiyev dissertasiya işi üzrə nəşr olunmuş elmi əsərlərin siyahısını diqqətə çatdırıb. Dissertasiyanın nəticələri üzrə 33 elmi iş, o cümlədən nüfuzlu elmi jurnallarda 22 məqalə, beynəlxalq və respublika səviyyəli konfranslarda 11 məruzənin çap olunduğunu bildirib.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Texnologiya 2021-06-21 16:27:00