×
A
A
A
Sazlamalar

Ukrayna telekanalı Azərbaycanın işğaldan azad olunmuş əraziləri ilə bağlı xüsusi reportaj yayımlayıb VİDEO

Kiyev, 20 iyun, AZƏRTAC

Ukraynanın nüfuzlu telekanalında Azərbaycanın işğaldan azad olunmuş əraziləri ilə bağlı xüsusi reportaj yayımlanıb.
AZƏRTAC xəbər verir ki, “Ukrayna” telekanalının xəbərlər proqramında yayımlanan reportajda Birinci Qarabağ müharibəsinin iştirakçısından və məcburi köçkündən müsahibə alınıb, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işləri, minalanmış ərazilər, iri iqtisadi layihələr barədə ətraflı danışılıb. Reportajda qeyd olunub ki, Azərbaycan bütün gücünü işğaldan azad edilən ərazilərin yenidən qurulmasına yönəldib. Həmin ərazilərdə aeroportlar tikilir, yeni magistral yollar, körpülər salınır. Bundan başqa, işğaldan azad olunan ərazilərin elektrik enerjisi ilə təminatı üçün yeni elektrik stansiyaları inşa edilir.
Reportajda, həmçinin qeyd olunur ki, Ermənistan minalanmış ərazilərin xəritəsini vermədiyindən, insanlar mina partlayışının qurbanı olurlar. Ukraynalı reportyor buna misal olaraq bu yaxınlarda vəzifə borclarını yerinə yetirərkən Azərbaycanın iki jurnalistinin mina partlayışından həyatını itirdiyini vurğulayıb.
“İndi həmin ərazilərin işğalı zamanı məcburi köçkün düşən azərbaycanlılar öz evlərinə qayıtmağı səbirsizliklə gözləyirlər”, - deyə ukraynalı jurnalist qeyd edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Siyasət 2021-06-20 13:57:00

Video