×
A
A
A
Sazlamalar

XİN: Ermənistanın minaladığı bütün ərazilərin xəritələrini verməkdən imtina etməsi məcburi köçkünlərin geri qayıtmasını ləngidir

Bakı, 20 iyun, AZƏRTAC

Bu gün dünyada qaçqın və məcburi köçkünlərin üzləşdiyi çətinliklər barədə məlumatlılığı artırmaq, onların güc və cəsarətlərini təqdir etmək üçün fürsət yaradan Ümumdünya Qaçqınlar Günü qeyd olunur. Bu gün dünyanın ən böyük məcburi köçkün əhalisindən birinə sahib olan Azərbaycan üçün xüsusi məna kəsb edir.
Ermənistan tərəfindən həyata keçirilən təcavüz siyasəti bir milyona qədər azərbaycanlını öz yurd-yuvalarını tərk etmək və hər şeyi geridə qoymaq məcburiyyətində qoymuşdu. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi və ərazi bütövlüyünü bərpa etdi. Lakin Ermənistan tərəfindən on illər ərzində davam edən hərbi işğal dövründə bu ərazilərin genişmiqyaslı dağıntılara və minalarla çirklənməyə məruz qalması məcburi köçkünlərin evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması üçün hələ də maneədir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin 20 İyun - Ümumdünya Qaçqınlar Günü barədə məlumatında yer alıb.
Məlumatda, həmçinin deyilir: “Azərbaycan hökuməti köçkün ailələrinin azad edilmiş ərazilərə təhlükəsiz və etibarlı şəkildə geri qayıdışına başlamaq, habelə işğal zamanı dağıdılmış şəhərlərin bərpa edilməsi məqsədilə sərmayələrin ayrılması üçün bütün lazımi tədbirləri həyata keçirir.
Ermənistanın işğal zamanı minaladığı bütün ərazilərin tam xəritələrini təqdim etməkdən imtina etməsi məcburi köçkünlərin təhlükəsiz və operativ şəkildə geri qayıtmasını ləngidir. Bu yaxınlarda Kəlbəcərdə iki jurnalistin faciəvi ölümü, təxminən otuz ildir evlərinə geri dönə bilməyən və emosional ailələrin üzləşdiyi təhlükəni bir daha açıq şəkildə göstərir.
Məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünə nail olmaq üçün qonşu və tərəfdaş ölkələrin səmərəli beynəlxalq əməkdaşlığına görə təşəkkür edirik. Yenidən tikilən hər bir yol, məktəb, iş yeri, mədəniyyət və dini abidə bölgə və yerli icmalar üçün davamlı, dinc və firavan gələcəyə doğru atılmış bir addımdır.
Bu gündə dünyanın diqqətini qaçqın və məcburi köçkünlərə yönəldir və bu məsələdə qlobal həmrəyliyə, qaçqın və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz geri dönüşünə dəstək olmağa çağırırıq”.

Siyasət 2021-06-20 13:40:00