×
A
A
A
Sazlamalar

Xırdalanda “Kənddən şəhərə” həftəsonu yarmarkası açılıb

Xırdalan, 20 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
İyunun 19-dan 20-dək Bakı və Abşeron ərazisində üç fərqli nöqtədə “Kənddən şəhərə” həftəsonu yarmarkalar açılıb. Abşeron rayonunun inzibati mərkəzi Xırdalan şəhərindəki yarmarka Heydər Əliyev prospekti, 41A ünvanında təşkil olunub. Yarmarka COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin tələblərinə uyğun keçirilir. Belə ki, yarmarkada əvvəlcədən qeydiyyatdan və tibbi müayinədən keçən fermerlər iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən təşkil olunan yarmarkada iştirak edən fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla da təmin olunublar. Yarmarkaya alış-verişə gələn vətəndaşların temperaturları ölçülür, tibbi maskadan istifadəyə və sosial məsafənin gözlənilməsinə xüsusi diqqət yetirilir. Həmçinin yarmarka ərazisində təşkilatçı qurum tərəfindən mütəmadi olaraq dezinfeksiya işləri aparılır.
Yarmarkada satışa çıxarılan kənd təsərrüfatı və qida məhsulları müxtəlif regionlarda fəaliyyət göstərən yerli fermerlər tərəfindən istehsal olunur və həmin fermerlərin özləri tərəfindən satışa çıxarılır.
Fermerlər yarmarkada iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçiblər.
Budəfəki “Kənddən şəhərə” həftəsonu yarmarkalarında 40-a yaxın regiondan 100-dən artıq fermer 70-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcək.
“Kənddən şəhərə” yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərir:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.
Qeyd edək ki, yarmarkaların təşkilində məqsəd vətəndaşlar üçün təbii və sağlam kənd məhsullarını əlçatan etmək, həmçinin yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.

Regionlar 2021-06-20 13:36:00