×
A
A
A
Sazlamalar

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təlim-məşq keçirilib

Bakı, 19 iyun, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Fövqəladə hal zonasında qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili” mövzusunda təlim-məşq keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Akademiyanın kursantları üçün keçirilən təlim-məşq FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş İdarəsi tərəfindən təşkil olunub. Tədbir nəzəri və praktiki hissələrdən ibarət olmaqla iki mərhələdə baş tutub.
Təlimin açılışında çıxış edən FHN Akademiyasının rəisi general-mayor Baba Salayev qeyd edib ki, tədbirin keçirilməsində məqsəd kursantlara nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin istifadəsində olan xüsusi təyinatlı nəqliyyat vasitələri, xilasetmə alət və avadanlığı barədə məlumatların verilməsi, həmçinin kursantların xilasetmə, pirotexniki, kinoloji sahələr üzrə bilik və bacarıqlarının artırılmasıdır. B.Salayev təlim iştirakçılarına uğurlar arzulayıb, qarşıya qoyulmuş vəzifələrin öhdəsindən uğurla gələcəklərinə əmin olduğunu bildirib.
FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev təlimin şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanılması baxımından əhəmiyyətindən danışıb. Həyat fəaliyyəti təhlükəsizliyinin təmin edilməsi sahəsində yüksək ixtisaslı kadrların yetişdirilməsinin vacibliyini nəzərə çatdıran idarə rəisi bu cür təlimlərin kursantların qəza-xilasetmə işləri ilə bağlı biliklərinin artırılması və müvafiq vərdişlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. A.Quliyev, həmçinin iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” barədə məlumat verərək sənədin əhəmiyyətindən danışıb. Bu bəyannamənin iki qardaş ölkə arasında bütün sahələrdə münasibətləri ən yüksək səviyyədə davam və inkişaf etdirilməsinə şərait yaradacağını bildirib.
Təlim-məşqin nəzəri hissəsində kursantlara FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) istifadəsində olan xüsusi təyinatlı nəqliyyat vasitələri, xilasetmə alət və avadanlığı barədə məlumat verilib.
Praktiki hissədə isə “zərərçəkmiş”lərin hündürlükdən təxliyəsi, şərti uçqun və sürüşmə baş vermiş ərazidə axtarış və xilasetmə işləri, nəqliyyat vasitəsində olan “partlayış təhlükəli əşya”nın kinoloji qrup tərəfindən aşkar edilməsi, pirotexnik qrupu tərəfindən zərərsizləşdirilməsi və qəza-xilasetmə işlərinə dair digər şərti əməliyyatlar nümayiş olunub.
Təlimə 35 nəfər canlı qüvvə və 6 xüsusi təyinatlı nəqliyyat vasitəsi cəlb olunub. Bundan başqa, xilasetmə alət və avadanlığından istifadə edilib. Həmçinin təlimdə XRXX-nin kinoloji qrupuna məxsus xüsusi təlim görmüş itlərdən də istifadə olunub.

Sosial 2021-06-19 19:49:00