×
A
A
A
Sazlamalar

Azərbaycan Hərb Tarixi Muzeyində “Qurtuluş tariximizdən” mövzusunda tədbir keçirilib

Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də Azərbaycan Hərb Tarixi Muzeyində “Qurtuluş tariximizdən” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbirdə Müdafiə Nazirliyinin, hərbi hissələrin nümayəndələri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, veteran təşkilatlarının, şəhər muzeylərinin və digər idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.
Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə məruzə ilə çıxış edərək müstəqilliyin əvvəllərində respublikamızda bütün sahələrdə hökm sürən dərin tənəzzüldən, cəbhədəki uğursuzluqlardan, vətəndaş müharibəsi və Azərbaycanın bölünməsi təhlükəsindən danışıb. Bildirib ki, gənc respublikada hakimiyyətə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında gərgin mübarizə gedirdi. Məhz belə ağır ictimai–siyasi mühitdə ümummilli lider Heydər Əliyev ali xilaskarlıq missiyasını yerinə yetirmək üçün Naxçıvandan Bakıya qayıtdı və Azərbaycan dövlətini xilas etdi. Ümummilli Lider iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri, 1993-cü ilin oktyabrında Prezident seçildi. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda ictimai-siyasi sabitlik yarandı, atəşkəs elan olundu. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində inamlı addımlar atıldı, nizami ordu yaradılması və ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsi sahəsində mühüm işlər görüldü. Müstəqil Azərbaycanda demokratik hüquqi və dünyəvi dövlət quruculuğu işlərinə başlanıldı, qarşıdakı onilliklər üçün dövlətimizin inkişafı və milli təhlükəsizliyinin təmin olunması istiqamətləri müəyyənləşdirildi.
Ə.Qənizadə bildirib ki, əbədiyaşar liderin siyasi xəttini uğurla davam etdirən onun siyasi varisi Prezident İlham Əliyev Azərbaycanı regionda ən qüdrətli orduya malik lider dövlətə çevirib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Şanlı Qələbə məhz ölkəmizin dinamik inkişafının və ordumuzun hərbi qüdrətinin nəticəsi olmaqla yanaşı, xalqımızın sarsılmaz qələbə əzmini bütün dünyaya göstərdi.
Muzeyin tədqiqatçı-baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov və digərləri çıxışlarında 15 iyun – Milli Qurtuluş Gününün Azərbaycan xalqının tarixində mühüm əhəmiyyətindən danışıblar.
Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb.
Sonda Milli Qurtuluş Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Tədbirin bədii hissəsində Vətən müharibəsi şəhidi mayor Ramil Ağayevin qızı Zəhra atasına həsr etdiyi “Şəhid atama” şerini səsləndirib. Həmçinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının solistləri vətənpərvərlik mahnıları ifa ediblər.

 

Sosial 2021-06-14 19:17:00