×
A
A
A
Sazlamalar

Xaçmazın gilas bağlarında kütləvi məhsul yığımına başlanılıb

Xaçmaz, 14 iyun, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz rayonunun gilas bağlarında iyun ayının ilk günlərindən etibarən kütləvi məhsul yığımına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda rayon ərazisində 2 min 508 hektar gilas bağı var. Onlardan 1856 hektarı bar verəndir. Bu bağlarda orta məhsuldarlıq 11 ton təşkil edir. Ötən il Xaçmazın gilas bağlarından 19 min tona yaxın məhsul yığılıb.
İyunun 14-də Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Qoçaqlı kəndində salınan gilas bağlarında aparılan məhsul yığımı ilə yerində tanış olub.
Fermerlər və kənd ağsaqqalları ilə görüşdə bildirilib ki, Azərbaycanda meyvəçiliyin inkişaf etdirilməsi hazırda qarşıda duran əsas vəzifələrdəndir. Ölkədə aqrar sahə ilə bağlı qəbul olunan dövlət proqramlarında meyvəçiliyin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Məhz bu məqsədlə bazarın tələbinə uyğun məhsul istehsalının artırılması və əhalinin mühüm ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün əməli işlər görülür. Xaçmaz rayonunda da son illər ərzində meyvəçilik sahəsinin inkişafında müsbət nəticələr əldə edilib. Xüsusi ilə yeni gilas bağlarının salınmasına maraq artıb.
Görüşdə dövlət tərəfindən həyata keçirilən aqrotexniki dəstək mexanizmləri barədə ətraflı məlumat verilib. Meyvə bağlarının su təminatının yaxşılaşdırılması və yeni sahələrin əkin dövriyyəsinə cəlb edilməsi üçün su təsərrüfatı obyektlərinin təmiri, bərpası, yenidən qurulması sahəsində rayonda aparılması nəzərdə tutulan layihələrdən danışılıb. Bildirilib ki, Prezident İlham Əliyevin sərəncamı ilə Xaçmaz rayonunda 5 yeni subartezian quyusu qazılacaq. Bu da rayonda suvarmanın daha da yaxşılaşmasına, məhsuldarlığın artmasına səbəb olacaq.

Kənd təsərrüfatı 2021-06-14 16:57:00