Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurası təsis edilib

Bakı, 14 iyun, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Birləşmiş Krallıqda Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının təsis toplantısı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, toplantı Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri açan komitə sədri Fuad Muradov xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması istiqamətində Dövlət Komitəsinin gördüyü işlər barədə məlumat verib və diasporumuzun 44 günlük müharibə dövründə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi fəallığı, dəmir yumruq ətrafında sıx birləşməsini yüksək qiymətləndirib.
Komitə sədri bildirib: “Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması dövlətimizin diaspor siyasətinin prioritet istiqamətlərindəndir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Ordumuzun rəşadəti nəticəsində Qarabağda qazandığımız tarixi Qələbə soydaşlarımız arasında təşkilatlanma meyillərini daha da gücləndirib. Bu günlərdə həyata keçirilən “YAŞAT” xeyriyyə marafonunda diasporumuzun göstərdiyi fəallıq buna bariz nümunədir və bu, hər birimizdə sonsuz qürur hissi yaradıb. Bundan sonra xaricdəki hər bir azərbaycanlı dövlət müstəqilliyimizin qorunması, ölkəmizin dünyada tanıdılması, milli-mənəvi dəyərlərimizin təbliği və yaşadılması istiqamətində çalışmalı, koordinasiyalı şəkildə fəaliyyət göstərməlidirlər”.
Toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin son 3 ildəki fəaliyyətinə dair videohesabat təqdim olunub, Azərbaycan diasporunun 44 günlük müharibə dövründəki fədakarlığını və “YAŞAT” xeyriyyə marafonunda yaxından iştirakını əks etdirən videoçarxlar nümayiş olunub.
Görüşdə nüfuzlu diaspor nümayəndələri, elm və mədəniyyət təmsilçiləri iştirak ediblər. Çıxış edənlər təşkilatlanmanın, lobbiçilik istiqamətində fəallaşmanın əhəmiyyəti, ölkəmizlə bağlı məlumatların Qərb və Avropa mediasında işıqlandırılmasının vacibliyindən danışıb, Qarabağda qazandığımız Qələbənin onlarda böyük ruh yüksəkliyi yaratdığını, Birləşmiş Krallıqdakı Azərbaycan diasporunun bu gündən etibarən daha mütəşəkkil fəaliyyət göstərəcəyini bildiriblər.
Dörd saatdan artıq davam edən geniş və maraqlı müzakirələrdə Şuranın yol xəritəsi hazırlanıb, gələcək fəaliyyətinə dair fikir mübadiləsi aparılıb, soydaşlarımızın təklifləri dinlənilib. Müzakirələrin nəticəsi olaraq Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurasının təsis edilməsi barədə qərar qəbul olunub, Ali Tekin Atalar, Fəridə Pənahova, Murad Nağıyev, Hafiz Baxşəliyev, Savaş Mərəndli, Nərgiz Morrison və Pərvanə Ağazadə Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiriciləri seçiliblər.
İclas diaspor himninin səsləndirilməsi ilə başa çatıb.
Xatırladaq ki, Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurası son 3 ildə xarici ölkələrdə yaranan sayca 13-cü Koordinasiya Şurasıdır. Hazırda 29 ölkəni əhatə edən 13 Koordinasiya şurası fəaliyyət göstərir.

Diaspor 2021-06-14 15:13:00