×
A
A
A
Sazlamalar

Proqram təminatı vasitələrinin intellektual sınaq metodları araşdırılır

Bakı, 12 iyun, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında şöbənin əməkdaşı Nəzakət Məlikovanın proqram təminatı vasitələrinin intellektual sınaq metodlarının araşdırılmasına həsr olunmuş məruzəsi dinlənilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Məruzəçi proqram təminatının sınaq prosesinin avtomatlaşdırılmasında tətbiq olunan metod və vasitələrdən söhbət açıb. Məruzədə testləşmə üsulları kimi ağ qutu (white-box), qara qutu (black-box) və boz qutu (grey-box) testləşməsi göstərilib və onlar ilə süni intellekt yanaşmaları arasında əlaqə qurulub. Süni intellekt alqoritmləri və maşın təlimi metodlarının daha çox tətbiq olunduğu üsul “Qara-qutu” hesab edilir. Həmin metod yalnız sistemin əsas aspektini araşdırır və məqsədi sistemin müəyyən edilmiş tələblərə nə dərəcədə cavab verdiyini yoxlamaqdır.
Tədqiqatçı süni intellektin proqram təminatının testləşməsinə potensial təsiri və yaxın gələcəkdə verəcəyi mühüm töhfələrin araşdırıldığını nəzərə çatdırıb.
Şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov çıxış edərək proqram təminatı vasitələrinin intellektual sınaq metodlarının araşdırılması ilə bağlı tövsiyələrini verib.
Məruzə ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Texnologiya 2021-06-12 17:22:00