Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Vikipediya”nın beş xarici dil bölməsində “Susuzluq kəndi yaxınlığında partlayış” adlı məqalə yaradılıb

Bakı, 12 iyun, AZƏRTAC

“Qorqud” Vikipediya Metodik Klubu tərəfindən “Vikipediya”nın müxtəlif dil bölmələrində Qarabağ həqiqətləri və Ermənistanın terror siyasəti ilə bağlı məqalələrin yaradılması prosesi davam etdirilir.
Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
O bildirib ki, “Vikipediya”nın italyan, ərəb, ingilis, yunan, rus dil bölmələrində işğaldan azad olunmuş Kəlbəcər rayonunda iyunun 4-də xidməti vəzifələrini yerinə yetirən Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin həlak olması, digər 4 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə əlaqədar “Susuzluq kəndi yaxınlığında partlayış” adlı məqalə yaradılıb. Məqalədə qeyd olunub ki, bu, İkinci Qarabağ müharibəsi dövründə döyüşlərin getmiş olduğu ərazidə jurnalist ölümü ilə bağlı ilk haldır.
Məqalə “Vikipediya”nın italyan dil bölməsində “Qorqud” Vikipediya Metodik Klubunun eksperti Ayxan Zayıdzadə, dörd dil bölməsində isə könüllülər tərəfindən yaradılıb. Məqalələrdə partlayış haqqında ətraflı məlumat verilir. Məqalə ərəb dilinə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan, “Karabakh is Azerbaijan!” Milli Platformasının BƏƏ üzrə Koordinatoru Sabrin Əzim tərəfindən tərcümə edilib.
Xatırladaq ki, “Qorqud” Vikipediya Metodik Klubu Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb.

Elm və təhsil 2021-06-12 17:12:00