×
A
A
A
Sazlamalar

“Avro-2020”: A qrupunda yer alan Uels və İsveçrə milliləri qarşılaşırlar

Bakı, 12 iyun, AZƏRTAC
İyunun 12-də futbol üzrə Avropa çempionatının A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları qarşılaşırlar.
AZƏRTAC xəbər verir ki, fransalı referi Klement Turpinin idarə etdiyi oyunda Uels yığmasının start heyətində Danni Uord, Kris Mefam, Ben Deyvis, Co Rodon, Konnor Roberts, Aaron Remsi, Co Allen, Co Morrel, Qaret Beyl (k), Kieffer Mur və Daniel Ceyms yer alıblar.
İsveçrə seçməsinin heyətində isə meydana Yan Sommer, Rikardo Rodrigez, Manuel Akanci, Fabian Şer, Niko Elvedi, Kevin Mbabu, Remo Freuler, Qranit Caka (k), Xerdan Şaqiri, Haris Seferoviç və Breel Embolo çıxıblar.
Əvvəlcə hər iki komandanın dövlət himni səsləndirilib.
Bu komandalar indiyədək müxtəlif turnirlərdə yeddi dəfə üz-üzə gəliblər. Həmin görüşlərin beşində İsveçrə, ikisində isə Uels millisi qalib gəlib.
Uels yığması ikinci dəfədir Avropa çempionatının final mərhələsində iştirak edir. Komanda qitə çempionatlarında 2016-cı ildə debüt edib. Həmin çempionatda komanda yarımfinala qədər irəliləyib.
Daha əvvəl dörd dəfə Avropa çempionatlarının qrup mərhələsində çıxış edən İsveçrə seçməsi ən yaxşı nəticəni 2016-cı ildə göstərib. Həmin çempionatda qrupdan çıxmağı bacaran komanda səkkizdəbir finalda mübarizəni dayandırmalı olub.
Xatırladaq ki, A qrupunun birinci oyununda İtaliya millisi Türkiyə seçməsinə 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Bakı Olimpiya Stadionu A qrupu çərçivəsində keçiriləcək Türkiyə - Uels (16 iyun) və İsveçrə - Türkiyə (20 iyun) oyunlarına da ev sahibliyi edəcək. İyulun 3-də isə Bakıda dörddəbir final mərhələsinin bir qarşılaşması keçiriləcək.

İdman 2021-06-12 17:01:00