×
A
A
A
Sazlamalar

Toşiyuki Fucivara: Ermənistanın Azərbaycan ərazisində minalar basdırması sivil dünya dövlətinə uyğun olmayan rəftardır

Tokio,12 iyun, AZƏRTAC

Azərbaycanı, xalqınızı çox sevən bir dost olaraq, azad edilmiş ərazilərdə mülki sakinlərin, xüsusən də vəzifə borcunu yerinə yetirən jurnalistlərin minaya düşərək həlak olması məni dərindən kədərləndirdi. Ermənistan minaların basdırıldığı ərazilərin xəritələrini Azərbaycana təhvil verməli və bununla da iki ölkə arasında münasibətlərin normallaşmasına çalışmalıdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində 1999-2002-ci illərdə Yaponiyanın Azərbaycanda səfiri olmuş Toşiyuki Fucivara deyib.
Otuz ilə yaxın işğal altında qalan torpaqların ötən ilin payızında Vətən müharibəsi nəticəsində azad edilməsi ilə bağlı xalqımıza təbriklərini çatdıran sabiq diplomat böyük uğurlar qazanan Azərbaycanın həmin əraziləri tezliklə bərpa edəcəyinə əmin olduğunu bildirib. Qeyd edib ki, həmin ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətlə aparılması vaxtilə bu yerlərdə yaşamış azərbaycanlıların tezliklə doğma ocaqlarına qayıtmasına şərait yaradacaq. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan hökumətinin ən müasir tələbələrə cavab verən ağıllı yaşayış məskənlərinin salınması layihəsini yüksək qiymətləndirən diplomat yapon şirkətlərinin də bu işdə yaxından iştirakının Yaponiya ilə Azərbaycan arasında mehriban dostluq münasibətlərinin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb. Əminliklə bildirib ki, zəhmətsevər yapon xalqı atom bombası nəticəsində dağılmış Xirosima və Naqasaki şəhərlərini bərpa etdiyi kimi, yüksək bacarığı ilə seçilən Azərbaycan xalqı da ermənilər tərəfindən viran qoyulmuş kənd və şəhərləri yenidən həyata qaytaracaq.
Ermənistan ordusunun Azərbaycan ərazilərinə tank əleyhinə minalar basdırmasını, bu ərazilərin xəritəsini qarşı tərəfə təqdim etməməsini sivil dünya dövlətinə uyğun olmayan rəftar kimi qiymətləndirən yapon diplomat bunun yolverilməz olduğunu, beynəlxalq qanunları, Cenevrə Konvensiyasının prinsiplərini pozduğunu da xatırladıb.
Azərbaycanda işlədiyi dövrdə xalqımızın tikinti və quruculuq işlərinə böyük həvəslə yanaşdığını yaxşı xatırladığını qeyd edən T.Fucivara həmin vaxt Yaponiyanın inkişaf qrantları əsasında çoxsaylı layihələrin həyata keçirildiyini deyib. Qeyd edib ki, hələ o vaxt Azərbaycanın qeyri-hökumət təşkilatları rayonlarda təlim-tərbiyə müəssisələrinin tikintisində, digər infrastrukturun bərpasında və yenidən qurulmasında çox fəal iştirak edirdilər. Hökumət isə karbohidrogen ehtiyatlarının hasilatından əldə edilən mənfəətdən çox bacarıqla istifadə edərək, Azərbaycanı regionun ən inkişaf etmiş, lider dövlətinə çevirməyə nail olub. Bu isə onu deməyə əsas verir ki, işğaldan azad edilən ərazilərdəki sosial obyektlər, evlər, infrastruktur çox qısa zamanda ən müasir tələblər səviyyəsində yenidən qurulacaq, yaşayış məskənləri isə əhalinin rahat yaşaması üçün lazım olan bütün vasitələrlə təchiz ediləcək.


Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Siyasət 2021-06-12 16:49:00