Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

XİN: Azərbaycan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Ermənistanın tələbini rədd edən qərarını alqışlayır

Bakı, 11 iyun, AZƏRTAC
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistanın hazırda Azərbaycanda saxlanılan 11 Ermənistan vətəndaşının dərhal sərbəst buraxılması tələbini rədd edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in bununla bağlı sualına cavabında deyib:
“Azərbaycan Hökuməti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) Ermənistanın hazırda Azərbaycanda saxlanılan 11 vətəndaşının dərhal sərbəst buraxılması tələbini rədd edən qərarını alqışlayır. Ermənistan tərəfindən Məhkəmə Reqlamentinin 39-cu Qaydasına istinad edilərək saxlanılan şəxslərin sərbəst buraxılması üçün iki dəfə cəhd göstərilib, hər ikisi rədd edilib.
Ermənistanın müraciəti Azərbaycanın beynəlxalq qanunlarla təsbit olunmuş, ölkənin daxili qanunvericiliyini və beynəlxalq hüququ pozan, habelə ağır hərbi cinayətlər törətməkdə şübhəli bilinən şəxslərin cinayət təqibinə dair hüquq və öhdəliklərini göz ardına alır. İHAM-ın qərarı məhz bu hüququ vurğulayır.
Saxlanılan şəxslərin dərhal sərbəst buraxılması ilə bağlı Ermənistanın müraciəti Azərbaycan Hökumətinə qanunun aliliyinə hörmətsizlik çağırışına bərabərdir. Biz sözügedən prinsiplərə sadiq qalırıq və İHAM-ın da qəbul etdiyi kimi cinayət təqibi başa çatana qədər bu şəxslər həbsdə saxlanılacaq.
Bildiyiniz kimi, Ermənistanın dərhal sərbəst buraxılmasını tələb etdiyi şəxslərdən ikisi - Lüdviq Mkrtçyan və Alyoşa Xosrovyan - Azərbaycan vətəndaşlarına işgəncə verməkdə təqsirləndirilərək hazırda məhkəmə istintaqına cəlb olunublar. Azərbaycan öz hüquq və öhdəliklərinə uyğun olaraq, beynəlxalq və daxili hüququn müəyyən olunmuş prinsiplərinə riayət etməyə və bu təqibi başa çatdırmağa sadiqdir.
Onu da qeyd etmək istərdik ki, Azərbaycan bu şəxslərin vəziyyəti ilə bağlı olan bütün tələbləri yerinə yetirib. Beynəlxalq Qırmızı Xaç Komitəsi, habelə insan haqları üzrə müvəkkilin həbs olunmuş şəxslərlə görüşləri təşkil edilib və mayın 27-də Azərbaycan hərbçiləri tərəfindən saxlanılan 6 hərbçi də daxil olmaqla, sözügedən həbsdə olan şəxslərin səhhəti barədə tibbi sənədlər təqdim edilib”.

Siyasət 2021-06-11 20:00:00