Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycanın Pakistandakı səfirliyində Milli Qurtuluş Günü münasibətilə rəsmi qəbul keçirilib

İslamabad, 11 iyun, AZƏRTAC

Azərbaycanın Pakistandakı səfirliyində Milli Qurtuluş Günü münasibətilə rəsmi qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, qəbulda Pakistanın iqtisadi məsələlər üzrə federal naziri Ömər Əyyub Xan, xarici işlər üzrə federal katibi Soheyl Mahmud, Federal İctimai Xidmət Komissiyasının katibi Humeyra Əhməd, nüfuzlu ictimai-siyasi xadimlər və KİV nümayəndələri iştirak ediblər.
Azərbaycan və Pakistanın dövlət himnlərinin səsləndirilməsindən sonra qonaqları salamlayan ölkəmizin Pakistandakı səfiri Əli Əlizadə Milli Qurtuluş Gününün müstəqil respublikamızın tarixinin ən şanlı səhifələrindən biri olduğunu bildirib. 1990-cı illərin əvvəllərində Azərbaycanın vətəndaş müharibəsi ilə üz-üzə qaldığını qeyd edən səfir deyib ki, həmin dövrdə xalqımızın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev ölkənin idarəedilməsi məsuliyyətini öz üzərinə götürüb. O, Ulu Öndərin Azərbaycanı tarixin çətin sınaqlarından qurtardığını və nəticədə ölkənin inkişaf yoluna qədəm qoyaraq irəliyə doğru addımladığını, respublikada sabitliyin bərqərar olduğunu diqqətə çatdırıb.
Səfir ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müdrik siyasət nəticəsində ölkəmizin sürətli inkişafı və dinamik tərəqqisi ilə yanaşı, xalqımızın əsas məqsədinə - müasir müstəqil Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olduğunu bildirib.
Ə.Əlizadə Azərbaycan Ordusunun peşəkarlığı və qəhrəmanlığı, əsgərlərimizin fədakarlığı, eləcə də yüksək milli ruh və güc sayəsində, Ali Baş Komandanının qətiyyətli rəhbərliyi ilə torpaqlarımızın 20 faizini 30 il ərzində işğal altında saxlayan təcavüzkar Ermənistanı məğlub etdiyini, erməni işğalına son qoyduğunu, eləcə də regionda sülhü və ədaləti bərpa etdiyini bildirib.
Səfir Qarabağ münaqişəsi dövründə, xüsusilə Vətən müharibəsi zamanı Pakistanın Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini qeyd edib, qardaş ölkənin hökumətinə və xalqına təşəkkürünü çatdırıb.
Sonra səfir Ə.Əlizadə Azərbaycan-Pakistan əlaqələrinin inkişafında və gücləndirilməsində göstərdiyi xidmətlərinə görə Ömər Əyyub Xanın, Soheyl Mahmudun, Humeyra Əhmədin Xarici İşlər Nazirliyi tərəfindən "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi" yubiley medalı ilə təltif olunduqlarını bildirib və mükafatı onlara təqdim edib.
Tədbirdə çıxış edən Ömər Əyyub Xan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edib. Pakistan-Azərbaycan münasibətlərinin dərin tarixi köklərə əsaslandığını bildirən nazir iki ölkə arasındakı səmimi münasibətlərdən məmnunluğunu ifadə edib, əlaqələrimizin bütün sahələrdə, xüsusilə ticari-iqtisadi sahədə daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Ömər Əyyub Xan Azərbaycanın 44 günlük Vətən müharibəsindən söhbət açaraq Ordumuzun peşəkarlığını yüksək qiymətləndirib, Vətən müharibəsindəki Zəfər münasibətilə xalqımıza təbriklərini çatdırıb. Nazir sonda "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi" medalı ilə təltif olunduğu üçün fəxr etdiyini söyləyib, buna görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
Soheyl Mahmud və Humeyra Əhməd Azərbaycan-Pakistan arasındakı yüksək səviyyəli əlaqələrdən söhbət açıb, Milli Qurtuluş Günü münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik ediblər. Pakistanın hər zaman Azərbaycanın yanında olacağını qeyd edən qonaqlar Kəşmir məsələsində Azərbaycanın Pakistana göstərdiyi dəstəkdən məmnunluqlarını bildiriblər. Onlar "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi" medalı ilə təltif olunmaları münasibətilə Azərbaycan hökumətinə minnətdarlıqlarını bildirib, iki ölkə arasındakı əlaqələrin daha da möhkəmlənməsi üçün bundan sonra da çalışacaqlarını vurğulayıblar.
Tədbirdə ulu öndər Heydər Əliyevin Milli Qurtuluş tariximizə aparan Naxçıvandakı fəaliyyəti haqqında da söhbət açılıb, səfirliyin təşəbbüsü ilə urdu dilinə tərcümə edilən "Qədim və müasir Naxçıvan" adlı kitabın təqdimatı keçirilib. Toplu ilə bağlı iştirakçılara ətraflı məlumat verilib və kitablar onlara hədiyyə olunub.
Sonra səfirliklə sıx əməkdaşlığa, Pakistan mətbuatında Azərbaycan həqiqətlərinin obyektiv şəkildə işıqlandırılmasına, eləcə də Azərbaycan və Pakistan KİV-ləri arasındakı əlaqələrin gücləndirilməsində verdiyi töhfələrə görə bu ölkənin media nümayəndələri səfirlik tərəfindən "Təşəkkürnamə" ilə təltif ediliblər.
Tədbir boyu Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı, eləcə də Vətən müharibəsindəki Qələbəni əks etdirən müxtəlif videoçarxlar nümayiş etdirilib, Azərbaycan milli musiqisi və xalq mahnıları səsləndirilib.

 

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

Siyasət 2021-06-11 19:34:00