Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Minasız Qarabağa gedək!” adlı beynəlxalq kampaniyaya start verilib

Bakı, 11 iyun, AZƏRTAC

“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi “Minasız Qarabağa gedək!” adlı beynəlxalq kampaniyaya start verib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə çıxış edən İctimai Birliyin icraçı direktoru Zamin Zeynal, idarə heyətinin üzvləri Məcid Məmmədov və Məhəmməd Məmmədov sosial aksiyanın həyata keçirilməsində əsas məqsədin düşmənin insanlıq əleyhinə cinayətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, işğala məruz qoyduqları, vandalizm aktları törətdikləri torpaqlarımızda mina basdırdıqları ərazilərin xəritələrini ən qısa zamanda Azərbaycana verilməsini tələb etməkdir.
Qeyd olunub ki, aksiya çərçivəsində BMT-yə, ATƏT-in Minsk qrupuna, siyasi təsisatlara və digər beynəlxalq təşkilatlara Azərbaycan ərazilərində baş verən mina terroruna münasibət bildirmələri üçün Ermənistana beynəlxalq səviyyədə təzyiq göstərilməsinə çağırışlar ediləcək.
Eyni zamanda, “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin könüllüləri tərəfindən təbliğat xarakterli maarifləndirici flayerlərin və azyaşlı sosial media istifadəçilərinin marağını cəlb etmək üçün üzərində “Minasız Qarabağa gedək!” şüarı yazılmış şarların paylanılması nəzərdə tutulub.
Bununla yanaşı, qeyd edilib ki, “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi dünyada və ölkəmizdə aktiv istifadə olunan sosial media platformaları feysbuk, instaqram və tvitter üzərindən #MinasızQarabağaGedək #LetsgotoKarabakhwithoutmines və #ПоехаливКарабахбезмин həştəqləri ilə paylaşımlar edərək sosial media istifadəçilərinin, beynəlxalq təşkilatların və media qurumlarının diqqətini bu mövzuya çəkməyə çalışır.
Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb. Təşkilatın nümayəndələri bir daha dünya ictimaiyyətini erməni terrorunu pisləməyə, günahsız insanların ölümünə səbəb olan mina terrorunun müəllifi Ermənistanın qarşısını almaqda və minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsi üçün bəşəri həmrəyliyə səsləyiblər.

Sosial 2021-06-11 18:09:00