Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Beynəlxalq Mətbuat İnstitutu Kəlbəcərdə həlak olan azərbaycanlı jurnalistlərlə bağlı bəyanat yayıb

Bakı, 11 iyun, AZƏRTAC
İyunun 11-də Beynəlxalq Mətbuat İnstitutu (BMİ) Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonunda iki azərbaycanlı jurnalistin Ermənistanın basdırdığı minaya düşərək həlak olmaları ilə bağlı bəyanat yayıb. Bu barədə AZƏRTAC-a Beynəlxalq Avrasiya Mətbuat Fondundan (BAMF) məlumat verilib. Qeyd olunub ki, bəyanat Beynəlxalq Mətbuat İnstitutunun Milli Komitəsinin rəhbəri Umud Mirzəyevin BMİ-nin icraçı direktoru Barbara Trionfiyə ünvanladığı məktuba əsasən hazırlanıb.
Bəyanatda iyunun 4-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun Ermənistanın mina terroru nəticəsində həyatlarını itirməsindən məyusluq ifadə edilir, jurnalistlərin ailələrinə və çalışdıqları kollektivlərə başsağlığı verilir.
BMİ-nin bəyanatında bu faciəli hadisə zamanı daha bir mülki şəxsin həlak olduğu və 4 nəfərin yaralandığı qeyd olunur. Qurumun direktor müavini Skot Qriffen yazıb ki, biz Ermənistanı minalanmış ərazilərin xəritəsini verməyə çağırırıq. Bu, gələcəkdə belə faciələrin qarşısını almağa imkan verəcək. Təəssüf ki, Ermənistan Azərbaycan tərəfinin minalanmış ərazilərin xəritələrinin verilməsi barədə israrlı tələblərini hələ də cavablandırmayıb.

Siyasət 2021-06-11 16:55:00