×
A
A
A
Sazlamalar

Azərbaycanın diaspor jurnalistləri Kəlbəcərdə həlak olan jurnalistlərlə bağlı beynəlxalq ictimaiyyətə müraciət ediblər

Bakı, 7 iyun, AZƏRTAC

Xaricdə yaşayan bir qrup azərbaycanlı jurnalist Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Azərbaycan Televiziyasının (AzTV) işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirən əməkdaşları Məhərrəm İbrahimov və Sirac Abışovun iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək həlak olmaları ilə əlaqədar beynəlxalq ictimaiyyətə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Müraciətdə deyilir: “Media nümayəndələri münaqişə bölgəsində, eləcə də müharibənin başa çatdığı ərazilərdə işləmək, tərəfsiz və obyektiv məlumat yaymaq, münaqişə zonası ilə digər tərəflər arasında körpü olmaq kimi önəmli rola malikdirlər. Böyük təəssüf hissi ilə diqqətinizə çatdırırıq ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirən əməkdaşları Məhərrəm İbrahimov və Sirac Abışov iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək həlak olublar.
Çəkiliş qrupunun olduğu nəqliyyat vasitəsinin hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində ümumilikdə üç nəfər həlak olub, dörd nəfər isə ağır bədən xəsarətləri alıb. Azad olunmuş ərazilərdə müharibə başa çatandan sonra 140 nəfərdən çox azərbaycanlı erməni işğalçılarının basdırdığı minaların qurbanı olub, onlardan 27-si həyatını itirib.
Baş verən faciə göstərir ki, Ermənistan hələ də regionda məkrli siyasətini davam etdirir, işğaldan azad olunmuş Azərbaycan ərazilərində müxtəlif yollarla minalanma prosesini həyata keçirir. Beləliklə, regionda mülki şəxslərin, xidməti vəzifələrini yerinə yetirən media mənsublarının həyatı üçün ciddi təhdidlər mövcuddur və belə vəziyyət biz jurnalistləri dərindən narahat edir.
Təəssüflə qeyd edirik ki, bir çox hallarda jurnalist hüquqlarının müdafiəçisi qismində çıxış edən beynəlxalq qeyri-hökumət təşkilatları, jurnalist birlikləri baş verən cinayət faktları ilə bağlı heç bir reaksiya vermir, susmaqda davam edirlər. Beynəlxalq insan hüquqları təşkilatlarının, jurnalist birliklərinin mülki şəxslərin, o cümlədən media təmsilçilərinin fəaliyyətinə əngəl törədən, həyatlarına son qoyan belə hüquq və qanun pozuntularına etinasız qalması bütün dünyada bu cür cinayət hallarının artmasına rəvac verə bilər.
Biz xaricdə yaşayan azərbaycanlı jurnalistlər olaraq BMT, Avropa Şurası da daxil olmaqla, beynəlxalq təşkilatlara, o cümlədən “Amnesty International” və “Human Rights Watch” insan haqları qurumlarına müraciət edərək bildiririk ki, Ermənistan silahlı qüvvələri işğal etdiyi və 44 günlük müharibə nəticəsində azad olunmuş Azərbaycan ərazilərinin mina xəritələrini verməməklə, eyni zamanda, hazırda gizli yollarla ölkə ərazisinə daxil olaraq minalanma prosesi aparmaqla humanitar norma və prinsipləri kobudcasına pozur, beynəlxalq insan haqlarını tapdalayır. Ermənistanın bu cinayətkar əməlləri nəticəsində mülki şəxslərin, media təmsilçilərinin həyatına son qoyulduğunu bir daha diqqətə çatdırır, işğalçı dövlətdən 30 il əsarət altında saxladığı Azərbaycan ərazilərində basdırdığı minaların xəritələrinin açıqlanmasını və beynəlxalq qanunlarla müəyyən olunan sərhədlərimiz daxilində bu gün də həyata keçirdiyi minalanma prosesini dayandırmasını, beynəlxalq ictimaiyyətin, jurnalist təşkilatlarının baş verənlərə münasibət bildirməsini tələb edirik”.

Diaspor 2021-06-07 13:33:00