×
A
A
A
Sazlamalar

Azərbaycan Yaponiya Dostluq Mərkəzi Kəlbəcərdə mülki əhalinin minalardan həlak olması ilə əlaqədar müraciət yayıb

Tokio, 6 iyun, AZƏRTAC

Tokioda fəaliyyət göstərən Azərbaycan Yaponiya Dostluq Mərkəzi Kəlbəcərdə mülki əhalinin, xüsusən də jurnalistlərin erməni separatçıların basdırdığı minalardan həlak olması ilə əlaqədar müraciət yayıb.
AZƏRTAC xəbər verir ki, mərkəzin rəhbəri Xəlil Kələntərin imzaladığı müraciətdə Yaponiyanın dövlət qurumlarının, hakim və müxalifət partiyalarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələrinin diqqəti Ermənistan tərəfindən hələ də davam edən təxribatçı hərəkətlərə yönəldilir. Bunun bariz nümunəsi kimi, iyunun 4-də içərisində jurnalistlərin və digər mülki şəxslərin olduğu avtobusun ermənilər tərəfindən basdırılmış tank əleyhinə minaya düşdüyü və nəticədə üç nəfərin həlak olduğu qeyd edilir.
Müraciətdə bildirilir ki, Ermənistan 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərinə minaların basdırılmasına milyonlarla dollar sərf edib. Bu gün sosial-iqtisadi problemlər burulğanında boğulan dinc ermənilərin həmin vəsaitə böyük ehtiyacı var.
Mərkəzin rəhbərliyi Yaponiyanın müvafiq qurumlarını Ermənistanın davam etməkdə olan təxribatçı hərəkətlərini qətiyyətlə pisləməyə, buna qarşı etiraz səsini ucaltmağa çağırır. Vurğulayır ki, bu, bütün insanlığa qarşı törədilən terror aktıdır.
Bildirilir ki, baş verənlər Ermənistan tərəfindən Azərbaycan ərazisində həyata keçirilən diversiya və yolların növbəti minalama cəhdlərinin faciəvi nəticəsinə daha bir sübutdur. Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ partlayıcı qurğular müharibə başa çatdıqdan sonrakı 7 ay ərzində 120-dən çox insanın həlak olmasına və yaralanmasına səbəb olub.
Müraciət Ermənistanın bu təxribatçı hərəkətlərinin qarşısını almaq üçün lazımi tədbirlər görmək barədə çağırışla başa çatır.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Diaspor 2021-06-06 15:24:00