×
A
A
A
Sazlamalar

Sabunçu rayonunda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan qadın cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Bakı, 1 iyun, AZƏRTAC

Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, həmçinin narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkarlanaraq cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində növbəti əməliyyat həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 14-cü polis bölməsinə Maştağa qəsəbəsində yaşayan vətəndaş Şəms Sultanovanın evinin həyətində satmaq məqsədilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.
Polis əməkdaşları həmin ünvana baxış zamanı aqrotexniki qaydada kultivasiya edilən və təmiz çəkisi 3 kiloqram 415 qram olan 475 çətənə kolu aşkarlayıblar. Şəms Sultanova ifadəsində narkotik tərkibli bitkiləri bu ilin əvvəlində əkdiyini bildirib.
Saxlanılan şəxs barəsində Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb və o, tutularaq istintaqa cəlb olunub.
Faktla bağlı zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Hadisə 2021-06-01 13:58:00

Video