×
A
A
A
Sazlamalar

Respublika Gününə həsr olunmuş beynəlxalq videokonfrans keçirilib

Stokholm, 31 may, Rauf Əliyev, AZƏRTAC

28 May - Respublika Gününün növbəti ildönümündə Azərbaycan dövlətçilik tarixinə həsr olunmuş beynəlxalq videokonfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının layihəsi çərçivəsində baş tutan tədbirdə İsveç, Azərbaycan, Ukrayna və Türkiyədən olan diaspor xadimləri, alimlər iştirak ediblər.
Azərbaycan Dövlət Himinin səsləndirilməsi ilə başlayan tədbirdə İsveç̧ Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi İradə Əliyeva Söderberq çıxış edib. Tədbir iştirakçılarını Respublika Günü münasibətilə təbrik edən İradə Əliyeva Söderberq tariximizin şanlı səhifələrindən söz açıb.
Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin professoru Nəsiman Yaqublu və AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarixçi Firdovsiyyə Əhmədova Azərbaycan xalqının milli mübarizəsi, Azərbaycan Xalq Cümhuriyyətinə (AXC) qarşı aparılan məqsədyönlü siyasət, yad qüvvələrin Bakı şəhərinin ölkəmizin tərkibindən çıxarılması uğrunda apardığı məkrli siyasət haqqında ətraflı danışıblar.
Tarixi sənədlərə əsaslanan alimlər diqqətə çatdırıb ki, 1918-ci ildə ölkəmizin azadlıq əldə etməsi bəzi böyük güclərin narazılığı və Azərbaycana qarşı gizli siyasətin aparılması ilə üzləşib. Çıxışçılar bildiriblər ki, həmin dövrdə çətin və keşməkeşli yol qət edən AXC bütün intriqa və planlara baxmayaraq, bir çox sahələrdə yenilikçi təfəkkürə əsaslanaraq, böyük uğurlara imza atmağa nail olub.
Alimlərin fikrincə, həmin illərdə Azərbaycan milli məfkurəsinin formalaşdırılması, doğma dildə təhsil, mədəniyyət sahəsində qazanılan uğurlar, ölkəmizin gələcəyi üçün əhəmiyyətli miras və möhkəm əsas rolunu oynayıb. Digər amillərlə yanaşı, AXC-nin Şərqdə ilk parlament və digər demokratik təsislərin yaradılması da xatırlanıb. Bildirilib ki, çox qısa müddət ərzində - yalnız 17 ay fəaliyyət göstərən parlamentin 230-dan çox qanun layihəsini qəbul edərək böyük dəyişikliklərə səbəb olması dünya tarixinin nadir hadisələrindəndir.
Müzakirə formatında davam edən konfransda türkiyəli araşdırmaçı və yazıçı Ziya Zakir Acar, Rusiyadakı diaspor fəalı Elşən İbrahimov, Ukraynadan alim və professor Fərhad Turanlı da çıxış edib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm 

Diaspor 2021-05-31 08:51:00