×
A
A
A
Sazlamalar

Azərbaycanın 28 May - Respublika Günü Sidneydə də qeyd edilib

Sidney, 29 may, AZƏRTAC

Avstraliyanın Sidney şəhərində Avstraliya Azərbaycan Assosiasiyası tərəfindən 28 May-Respublika Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə yerli siyasətçilər, şəhər şurasının üzvləri, bu ölkədə yaşayan müxtəlif icmaların nümayəndələri iştirak ediblər.
Assosiasiyanın rəhbəri Mikayıl Oyta tədbiri açaraq müsəlman Şərqində qadınlara seçki hüququ verən ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə çətin tarixi şəraitdə yaradılmasından, əldə etdiyi nailiyyətlərdən, xalqın azadlıq əzmindən, dövlət quruculuğundan, mənfur düşmənlərlə mübarizəsindən bəhs edib. M.Oyta, həmçinin Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsindən keçən dövr ərzində tarixi proseslər haqqında ətraflı məlumat verib. Ermənistanın ölkəmizə qarşı təcavüzündən bəhs edən assosiasiya rəhbəri 44 günlük Vətən müharibəsi dövründə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğal altındakı əraziləri düşməndən azad etdiyini bildirib. Azərbaycanın hərtərəfli inkişafı barədə danışan M.Oyta ölkəmizin getdikcə daha da inkişaf edərək gücləndiyini və regionun lider dövlətinə çevrildiyini xüsusi vurğulayıb.
Ölkəmizin Avstraliya İttifaqındakı səfirliyinin müvəqqəti işlər vəkili Ramil Qurbanov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə, iki illik mövcudluğu dövründə dövlətçilik ənənələrinin əsasının qoyuluşu, universal dəyərlərə söykənən dünyəvi dövlət quruculuğu proseslərinə nəzər salıb. 1991-ci ildə yeni tarixi şəraitdə dövlət müstəqilliyini bərpa etdikdən, xüsusilə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıtmasından sonra Azərbaycanın mühüm uğurlara imza atdığını, güclü iqtisadiyyata malik müasir ölkənin bünövrəsinin qoyulduğunu bildirib. Vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasət yürüdən müasir Azərbaycan suveren hüquqlarını həyata keçirərək, ərazi bütövlüyünü bərpa edib, həyatın bütün sahələrində inkişafını uğurla davam etdirir, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına mühüm töhfələr verir. Azərbaycanın son illər ərzində beynəlxalq aləmdə nüfuzunun artdığı, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyi, Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq aləmdə etibarlı ölkəyə çevrildiyi, həmçinin xarici ölkələrlə, xüsusilə Avstraliya ilə ikitərəfli əlaqələrin bir çox sahələrdə inkişaf etdiyini diqqətə çatdırıb.
Tədbirdə Türkiyənin Sidneydəki baş konsulluğunun vitse-konsulu Yıldıray Kırcalı çıxış edərək Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələrini yüksək qiymətləndirib, qardaş ölkəni bayram münasibətilə təbrik edib, rəsmi Ankaranın daim ölkəmizin yanında olacağını bildirib.
Şri-Lankanın Sidney şəhərindəki baş konsulu Lakşman Hulugalle çıxışında Azərbaycanın iqtisadi cəhətdən inkişafından, iki ölkənin dövlət başçıları arasında dostluq münasibətlərindən bəhs edib, bayram münasibətilə təbriklərini çatdırıb.
Yeni Cənubi Uels ştatı parlamentinin üzvləri Pol Linç və xanım Linda Voltz isə bu ölkədə yaşayan Azərbaycan icmasının üzvlərini bayram münasibətilə təbrik edərək, multikultural Avstraliyada belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Avstraliya Federal Parlamentinin sabiq millət vəkili Laurie Ferguson 2015-ci ildə Los-Anceles yəhudi icmasının Azərbaycan yəhudilərinə hədiyyə etdiyi Tövratın Bakıya gətirilməsi ərəfəsində Azərbaycana səfəri zamanı çoxmillətli, çoxkonfessiyalı bir diyarın şahidi olduğunu deyib.
Tədbirdə, həmçinin digər icmaların üzvləri çıxış edərək Respublika Günü münasibətilə təbriklərini çatdırıblar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Sidney

Siyasət 2021-05-29 12:15:00