×
A
A
A
Sazlamalar

Norveçdəki “Can” diaspor təşkilatı bu ölkədəki Qazaxıstan səfirliyi ilə birgə layihələri müzakirə edib

Stokholm, 29 may, Rauf Əliyev, AZƏRTAC

Norveçdəki Azərbaycanın diaspor təşkilatı bu ölkədəki Qazaxıstan səfirliyi ilə birgə layihələri müzakirə edib.
AZƏRTAC xəbər verir ki, Norveçdə fəaliyyət göstərən “CAN” diaspor təşkilatının sədri Şervin Nəcəfpur bu ölkədə fəaliyyət göstərən Qazaxıstan səfiri Yerkin Akhinzhanovla görüşüb.
Görüşdə Azərbaycan və Qazaxıstan diasporlarının digər türkdilli ölkələri təmsil edən diaspor təşkilatları ilə bir araya gələrək birgə fəaliyyəti məsələləri müzakirə olunub. Ümumi tarixi və mədəni köklərə əsaslanan türkdilli xalqların yaşadığı yerdən asılı olmayaraq, yerli cəmiyyətə inteqrasiya olub, aktiv mövqe və birlik nümayiş etdirməsinin vacibliyini qeyd edən Şervin Nəcəfpur, bunun üçün mütəmadi görüşlərin keçirilməsini və düşünülmüş birgə işin vacib olduğunu bildirib. “CAN” təşkilatının fəaliyyətindən də ətraflı söz açan diaspor fəalı, yeni layihələr üzrə birgə fəaliyyət üçün gözəl imkanların olduğunu bildirib.
Öz növbəsində Qazaxıstanın Norveçdəki səfiri Yerkin Akhinzhanov, daha əvvəl Osloda fəaliyyətə başlayan Azərbaycan Norveç əlaqələrinə həsr olunan “Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf et” sərgisini yüksək qiymətləndirərək, növbəti uğurlu layihənin keçirilməsi münasibətilə “CAN” təşkilatını təbrik edib. O qeyd edib ki, “CAN” təşkilatı ilə Qazaxıstan Norveçdəki səfirliyi arasında mövcud əməkdaşlıq vacib olmaqla yanaşı, gələcəkdə birgə layihələrin keçirilməsinə müsbət zəmin yaradır.
Görüş birgə layihələrin müzakirəsi ilə davam edib

Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm 

Diaspor 2021-05-29 08:20:00