Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycanın İsveçdəki diasporu bir araya gələrək 28 May - Respublika Gününü qeyd edib

Stokholm, 28 may, Rauf Əliyev, AZƏRTAC

Azərbaycanın İsveçdəki diasporu bir araya gələrək 28 May - Respublika Gününü qeyd edib.
AZƏRTAC xəbər verir ki, pandemiya qaydalarına uyğun olaraq kiçik bir qrup diaspor fəalının iştirakı ilə baş tutan tədbir İsveç-Azərbaycan Dərnəyi "SAF", "Azərbaycan naminə", "Qarabağ" mədəniyyət təşkilatı, "SAMM Tv", "Starka kvinnor" təşkilatları tərəfindən keçirilib.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə “SAF” dərnəyinin rəhbəri Sevda Dadaşova 28 May - Respublika Gününün tarixi, xalqımızın azadlıq uğrunda apardığı mübarizə və 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi ilə müstəqil Azərbaycan dövlətinin qurulması prosesləri barədə söz açıb. O bildirib ki, sözü gedən illərdə zəmanənin bir çox yenilikçi təfəkkürünə əsaslanaraq xalqımız, müsəlman-şərqində yaranmış ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini yaratmaqla böyük tarixi uğura imza atıb.
Sonradan çıxış edən diaspor fəalları Cavanşir Haşımi, Nadir Hollenbrand, Rahim Sadığbəyli və Rza Qaraçay tarixə və Vətən müharibəsindəki Qələbəyə nəzər salaraq, milli dövlətimizin qurulmasının vacibliyini, xalqımızın əzmkarlığını bir daha qeyd ediblər. Bildirilib ki, hər bir azərbaycanlı üzərinə düşən vətəndaş borcunu yerinə yetirməklə indiki və gələcək nəsillər üçün Azərbaycanın azadlığını və müstəqilliyini daha da möhkəmləndirərək inkişaf etdirməlidir.
Tədbirin bədii hissəsində ölkəmizin tarixi və bugünkü inkişafını əks etdirən videoçarxlar nümayiş olunub.

Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Diaspor 2021-05-28 08:11:00