×
A
A
A
Sazlamalar

Binəqədi rayonunda nəqliyyat vasitələri qaçıran şəxslər saxlanılıblar VİDEO

Bakı, 24 may, AZƏRTAC

Binəqədi rayonunda “Toyota Prado” markalı avtomobil oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, naməlum şəxs sürücünün avtomobili işlək vəziyyətdə qoyaraq nəqliyyat vasitəsini tərk etməsindən istifadə edərək avtomobili qaçırıb. Zərərçəkən ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə müraciət edəndən dərhal sonra nəqliyyat vasitəsinin axtarışlarına başlanılıb. Qısa zamanda görülən tədbir nəticəsində avtomobilin Yasamal rayonu ərazisində hərəkət etdiyi müəyyən olunub. Nəqliyyat vasitəsini qaçıran şəxs polis əməkdaşlarına tabe olmayaraq avtomobili dayandırmaq istəməsə də, 5-ci polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində o, saxlanılıb.
Polis bölməsində araşdırma aparılan zaman avtomobili qaçıran şəxsin paytaxt sakini əvvəllər məhkum olunmuş Mirzağa Zərbəliyev olduğu müəyyən edilib. O, ifadəsində nəqliyyat vasitəsini talamaq yox, idarə etmək məqsədilə qaçırdığını bildirib. Mirzağa Zərbəliyevin nəqliyyat vasitəsini qaçırması və idarə etməsi kameralar vasitəsilə qeydə alınıb.
Həmçinin paytaxt ərazisində yerləşən restoranlardan birində kuryerlik fəaliyyəti ilə məşğul olan bir nəfərin mopedini oğurlayan Xanlar Vəlişov və Seymur Sadıqov Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində tutulublar. Araşdırma zamanı müəyyən edilib ki, onlar həmin restorandan yaşadıqları evə yemək sifariş ediblər. Kuryer yeməyi mənzilə qaldıran zaman dəstə üzvü Seymur Sadıqov əvvəldən razılaşdırdıqları kimi mopedi idarə edərək hadisə yerindən yayınıb. Dəstə üzvləri saxlanılan zaman oğurladıqları moped də onlardan aşkar olunaraq götürülüb.
Saxlanılan şəxslər barəsində 5-ci polis bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Onların digər qanunsuz əməllərinin müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Hadisə 2021-05-24 12:58:00

Video