×
A
A
A
Sazlamalar

Oğuz rayonunda mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar

Bakı, 24 may, AZƏRTAC

Oğuz Rayon Polis Şöbəsinə Xaçmaz kəndi ərazisindəki örüş sahəsindən bir baş dananın oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, daxil olan müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxslərin zərərçəkmişin həmkəndliləri, əvvəllər məhkum olunan Elməddin Seydəliyev və Samir Şəkərəliyev olduqları müəyyənləşdirilərək şübhəli şəxs qismində saxlanılıblar.
Davam etdirilən tədbirlərlə E.Seydəliyev və S.Şəkərəliyevin aprel-may aylarında Xaçmaz kəndində ayrı-ayrı şəxslərə məxsus, ümumi dəyəri 6 min manata yaxın olan 3 baş iribuynuzlu və 23 baş xırdabuynuzlu heyvan oğurladıqları da məlum olub. Onlar ifadələrində törətdikləri cinayət əməlini etiraf edərək, heyvanları Ağdaş, Bərdə, Mingəçevir və Göyçay rayonlarındakı bazarlarda satdıqlarını bildiriblər.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Saxlanılan şəxslərin digər cinayət əməlllərində iştiraklarının olub-olmaması araşdırılır.

 

Hadisə 2021-05-24 12:34:00