×
A
A
A
Sazlamalar

Narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan daha dörd nəfər tutulub VİDEO

Bakı, 22 may, AZƏRTAC

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti əməliyyat zamanı Suraxanı, Əmircan, Bülbülə, Yeni Günəşli, eləcə də rayonun inzibati ərazisinə daxil olan digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha dörd nəfər tutulub.
Tədbir zamanı paytaxt sakinləri Əli Şahrzayev və Allahverdi Allahverdiyev saxlanılıblar. Onların üzərindən heroin aşkar olunaraq götürülüb. Həmin şəxslər ifadələrində narkotik vasitələri tanışları olan Suraxanı rayon sakini Qadir Ağayevdən aldıqlarını bildiriblər.
Əməliyyat zamanı həmin şəxs də saxlanılaraq istintaqa təqdim olunub. Q.Ağayevin üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 4 qram heroin aşkarlanaraq götürülüb.
Narkotik vasitələrin satışı ilə məşğul olan Qadir Ağayevin əvvəl də məhkum olduğu müəyyənləşib. O, məhkumlar üçün nəzərdə tutulan elektron qolbaqla təchiz edilib. Buna baxmayaraq, Q.Ağayev yenidən narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün saxlanılıb.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı Yeni Günəşli qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Tofiq Məlikov saxlanılıb. Onun üzərindən 1 kiloqram 70 qram heroin və satışı qadağan olunan psixotrop tərkibli “Tramadol” həbi aşkarlanaraq götürülüb.
Adları sadalanan şəxslər barəsində Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılanların digər cinayət əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə ərazi polis orqanlarına, habelə nazirliyin 102 Xidməti - Zəng Mərkəzinə məlumat verə bilərlər.

Hadisə 2021-05-22 13:14:00

Video