×
A
A
A
Sazlamalar

Cəlilabad rayonunda avtomobildən 10 kiloqramdan çox heroin aşkarlanıb

Bakı, 22 may, AZƏRTAC

Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin Cəlilabad Rayon Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 10 kiloqramdan artıq heroin aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Astara rayon sakini Asəf Əlili, Bakı şəhər sakinləri Cəlal Sumbatov və Cəlal Babayev “Xəzər Lada” markalı avtomobildə saxlanılaraq polis şöbəsinə gətiriliblər. Şöbədə keçirilən baxış zamanı A.Əlili və C.Sumbatovun üzərindən bir bükümdə heroin, avtomobildən isə 7 bükümdə ümumilikdə 10 kiloqram 625 qram heroin, 2 bıçaq, 3 şpris və 1 şüşə ampula aşkarlanaraq götürülüb. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə edib və Bakıda onun deyəcəyi yerə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməyi planlaşdırıblar.
Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hadisə 2021-05-22 11:46:00