×
A
A
A
Sazlamalar

Neftçala rayonunda qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü “isti izlər”lə açılıb

Bakı, 21 may, AZƏRTAC

Neftçala rayonunun Aşağı Surra kənd sakini 1956-cı il təvəllüdlü Qalib Əsgərovun mayın 6-da evdən çıxaraq getməsi və bir daha geri qayıtmaması ilə bağlı arvadı Şahzadə Məhərrəmovanın Neftçala Rayon Polis Şöbəsinə daxil olmuş müraciəti əsasında araşdırma aparılıb.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilib ki, prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilib və itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyənləşdirilib.
Araşdırmalarla müəyyən olunub ki, mayın 6-sı saat 01 radələrində zərərçəkmişin arvadı Şahzadə Məhərrəmova şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadıqları evin həyətində olan bel vasitəsilə Qalib Əsgərovun baş nahiyəsinə vuraraq xəsarətlər yetirərək qəsdən öldürüb. O, daha sonra cinayətin izini itirmək məqsədilə əynindəki paltarları çıxararaq yandırıb, ərinin meyitini isə evin həyətində basdırıb.
Faktla bağlı Neftçala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Şahzadə Məhərrəmova təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Hadisə 2021-05-21 17:46:00