×
A
A
A
Sazlamalar

İyirmi kiloqramdan çox narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb

Bakı, 21 may, AZƏRTAC

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Xidmət əməkdaşlarının sayıqlığı nəticəsində ümumi çəkisi təxminən 20 kiloqram 454 qram olan narkotik vasitəyə bənzər maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Mayın 20-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyitli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində sərhəd naryadı tərəfindən içərisində üç nəfər olan “Niva” markalı 10-BF-055 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, iki nəfər şəxsin avtomobildən düşərək özlərini şübhəli aparmaları sərhəd naryadının diqqətini cəlb edib.
Əkin sahəsinə yaxınlaşaraq, oradan bağlama götürüb uzaqlaşmağa cəhd edən şübhəli şəxslər sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışarkən saxlanılıblar. Bakı şəhər sakinləri 1998-ci il təvəllüdlü Məmmədov Aslan Bəxtiyar oğlu və 1997-ci il təvəllüdlü Məmmədov Ümid Nazim oğlu olmaları müəyyənləşdirilmiş şəxslərin üzərindəki bağlamaya baxış keçirərkən içərisində ümumi çəkisi 8 kiloqram 684 qram narkotik vasitəyə bənzər maddə (7 kiloqram 700 qram tiryək, 984 qram heroin) aşkarlanaraq götürülüb.
Hadisə yerində olan avtomobilin sürücüsünün İmişli şəhər sakini İsmayılov Coşqun Şaiq oğlu olması müəyyənləşdirilib, araşdırma zamanı onlar törətdikləri cinayət əməllərini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiklərini bildiriblər.
Bununla yanaşı, DSX, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat tədbiri nəticəsində Neftçala rayonunun Həsənabad kənd sakini 1974-cü il təvəllüdlü Salahov Qüdrət İbadulla oğlunun həmin rayonun Kürdili adasında sahibsiz evdə gizlətdiyi ümumi çəkisi 11 kiloqram 770 qram narkotik vasitəyə bənzər maddə (7 kiloqram 625 qram heroin, 4 kiloqram 145 qram tiryək) aşkarlanaraq götürülüb.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Hadisə 2021-05-21 12:23:00