×
A
A
A
Sazlamalar

Mingəçevir şəhər sakininin döyülərək öldürülməsi ilə bağlı cinayət işi başlanıb

Bakı, 21 may, AZƏRTAC

Mingəçevir Şəhər Prokurorluğu şəhər sakini Eldar Abbasovun döyülərək öldürülməsi barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara münasibət bildirib.
Şəhər prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında qeyd edilib ki, mayın 18-də saat 18 radələrində Mingəçevir şəhəri ərazisində Eldar Abbasovun döyülməsi və aldığı xəsarətlərdən mayın 19-da xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat verilib.
Aparılmış araşdırmalarla müəyyənləşdirilib ki, Şəki rayon sakini Rəşad Salamovun heç bir əsaslı səbəb olmadan aralarında yaranmış mübahisə zamanı Eldar Abbasovu döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncu aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Rəşad Salamov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

 

Hadisə 2021-05-21 10:45:00