×
A
A
A
Sazlamalar

Bakıda mənzillərə daxil olaraq sakinlərə 2 milyon manata yaxın maddi ziyan vuran şəxslər tutulublar VİDEO

Bakı, 20 may, AZƏRTAC

Paytaxtın Xətai rayonunda çoxmərtəbəli binalardan birinin 18-ci mərtəbəsində yerləşən mənzildən oğurluq edilib. Naməlum şəxs evə daxil olaraq oradan 7 min manat, 3 min dollar məbləğində pul və dəyəri 150 min manat olan qızıl-zinət əşyalarını oğurlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə barədə məlumat daxil olan kimi, dərhal Xətai Rayon Polis İdarəsinin və 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Hadisə yerində zəruri istintaq hərəkətləri icra edilib. Həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri Cavid Süleymanov və Əhməd Əhmədov oğurladıqları maddi sübutlar olan qızıl-zinət əşyaları ilə birgə “isti izlər”lə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə saxlanılıblar.
Həyata keçirilən zəruri-istintaq hərəkətləri zamanı müəyyən edilib ki, Cavid Süleymanov və Əhməd Əhmədov bir müddətdir paytaxtın Nəsimi, Yasamal, Səbail, Nərimanov və digər rayonlarında çoxmərtəbəli binalarda yerləşən onlarla mənzildən oğurluqlar ediblər.
Cavid Süleymanov oğurluq edən zaman əldə etdiyi qızıl-zinət əşyalarını yaşadığı evə gətirərək orada yaratdığı zərgərlik emalatxanasında əridib. Daha sonra əritdiyi qızıllardan yeni model zərgərlik nümunələri düzəldərək paytaxtın müxtəlif nöqtələrindəki qızıl qəbulu məntəqələrinə satıb. Cavid Süleymanov ifadəsində oğurluq edəcəyi mənzilə ancaq istirahət və bayram günlərində, yəni, ev sahiblərinin mənzildə olmadığını qətiləşdirəndən sonra daxil olduğunu bildirib.
Cavid Süleymanov oğurluqlar edən zaman onunla eyni vaxtda saxlanılan Əhməd Əhmədovun həmin binaların yaxınlığında olduğu və ətrafda baş verən hər hansı şübhəli hərəkətlər barəsində ona məlumat ötürdüyü müəyyənləşib. Dəstə üzvlərinin törətdiyi oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.
Faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. Cavid Süleymanov və Əhməd Əhmədovun paytaxt ərazisində törətdiyi oğurluq və bu kimi analoji cinayətlərin sayının artacağı istisna olunmur.

 

Hadisə 2021-05-20 16:21:00

Video