×
A
A
A
Sazlamalar

Mehdiabad qəsəbəsində məktəb direktorunun qanunsuz əməlləri ilə bağlı araşdırmalar aparılır

Bakı, 20 may, AZƏRTAC

Abşeron Rayon Prokurorluğu Mehdiabad qəsəbəsi 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərovanın vətəndaşı işə düzəltmək adı ilə rüşvət almasına dair bəzi kütləvi informasiya vasitələrində dərc olunan məlumatlara münasibət bildirib.
Rayon prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, Abşeron Rayon Prokurorluğuna daxil olmuş müraciət əsasında aparılmış ilkin yoxlama zamanı 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərovanın etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə vətəndaşdan qızını Bakı şəhəri ərazisində yerləşən məktəblərin birində ixtisası üzrə işlə təmin edəcəyini vəd etməklə 7 min manat məbləğində pul vəsaitini almaqla dələduzluq etdiyi müəyyən olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.3-cü, 178.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri aparılmaqla cinayət əməllərinə yol vermiş şəxslər müəyyənləşdirilərək istintaqa cəlb olunacaqlar.

Hadisə 2021-05-20 15:39:00