×
A
A
A
Sazlamalar

Magistrantların XXI Respublika elmi konfransı onlayn formatda öz işinə başlayıb

Bakı, 17 may, AZƏRTAC

Mayın 17-də Sumqayıt Dövlət Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Magistrantların XXI Respublika elmi konfransı onlayn formatda keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda respublikamızın qabaqcıl ali təhsil müəssisələrinin struktur rəhbərləri və professor-müəllim heyəti iştirak ediblər.
Konfransda ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən, dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətindəki əvəzsiz rolundan danışılıb. Vurğulanıb ki, Heydər Əliyevin ümummilli maraqları ifadə edən, qətiyyətli iradəyə və əzmkarlığa söykənən möhtəşəm fəaliyyəti bugünkü və gələcək nəsillər üçün parlaq nümunədir. Dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsindədir. Məhz buna görə də Ümummilli Liderin rəhbərliyi ilə respublikamızın iqtisadi bazasının gücləndirilməsi, əhalinin gün-güzəranının yaxşılaşdırılması, elm və təhsilin inkişafı ilə paralel aparılırdı. Hələ ölkəmizə rəhbərliyinin birinci dövründə - 1969-1982-ci illərində ümummilli lider Heydər Əliyevin təhsilimizə böyük qayğısının nəticəsi olaraq Azərbaycanda çoxlu sayda məktəb binası tikilərək istifadəyə verildi. Ölkədə yeni ali təhsil müəssisələri açıldı, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirildi, lazımi avadanlıqla təchiz olundu. Ulu Öndər daim gənclərin hərtərəfli inkişafına böyük önəm verirdi. Bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu bir daha təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin önəmli prinsipləri sırasına daxil edilərək təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir. Həmçinin elm və təhsilin inkişaf strategiyasının uğurla reallaşmasında Heydər Əliyev Fondunun, onun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın kifayət qədər böyük əməyi var.
Qeyd olunub ki, konfransda iştirak edənlərin sayının artması konfransın nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərir. 2020-ci ildə XX Respublika elmi konfransında 12 elm və təhsil müəssisəsindən 700 nəfərdən çox magistrant iştirak edibsə, bu il keçirilən konfransa respublikamızın 19 elm və təhsil müəssisəsindən 1400-ə yaxın məruzə materialları daxil olub. Məruzə materiallarının ilkin ekspertizasından sonra 1250 tezis konfransın gündəliyinə daxil edilib və konfransın materialları toplusu şəklində çap olunub. Bu, ilk növbədə, magistrantların elmi konfranslara maraqlarının artmasının nəticəsidirsə, digər tərəfdən bu konfransı təşkil edən təşkilat komitəsinin apardığı ardıcıl və səmərəli işin göstəricisidir.
Plenar iclasda çıxış üçün söz müxtəlif universitetləri təmsil edən magistrantlara verilib.
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistrantı Emin Əliyev “İzopropanolun asetona oksidləşdirici-dehidrogenləşmə prosesinin reaktor qovşağının riyazi modelləşdirilməsi və optimallaşdırılması”, Sumqayıt Dövlət Universitetinin magistrantı Nicat Hüseynov “Addım mühərriki və onun arduino mikrokontrollerinə inteqrasiyası”, Bakı Slavyan Universitetinin magistrantı Hürzət İskəndərova “Dilin lüğət tərkibi və lüğət fondu”, Azərbaycan Dövlət İqtisad Universitetinin magistrantı Xanım Paşayeva “Müəssisələrdə şəbəkələrin qurulması zamanı tətbiq olunan təhlükəsizlik üsulları”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistrantı Mehin Zeynalova “İstilik elektrik stansiyalarının ətraf mühitə təsiri” mövzularında məruzə ilə çıxış ediblər.
Konfransda Naxçıvan Dövlət Universitetinin Magistratura mərkəzinin direktoru, professor Etibar Məmmədov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Magistratura bölməsinin dekanı, dosent Əzizağa Qurbanov Heydər Əliyevin gənclər siyasətindən, xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında müstəqillik və dövlətçiliyin qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsində Ulu Öndərin xidmətlərindən danışıblar. Ölkəmizdə elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldiyini, gənclərin elmi yaradıcılığına daim diqqət göstərildiyini vurğulayıblar.
Sonra ikigünlük konfrans öz işini 18 bölmədə davam etdirib.

Regionlar 2021-05-17 22:09:00