×
A
A
A
Sazlamalar

Regionların inkişafı əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edir

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bölgələrin tərəqqisi məqsədilə son 18 il ərzində qəbul edilən və yüksək səviyyədə gerçəkləşdirilən dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulan vəzifələrin icrası respublikamızda qeyri-neft sektorunun davamlı inkişafına, kommunal xidmətlərin, sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə əhalinin məşğulluğunun artırılmasına, yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.
Bunu AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.
Emin Bağırov bildirib ki, hazırda Azərbaycanda regionların inkişafı siyasəti əsas etibarilə milli səviyyədə hazırlanan regional inkişaf proqramlarına əsaslanır. Bu sənədlərin icrası nəticəsində bölgələrdə sosial və fiziki infrastruktur sahələrinin inkişafı, beynəlxalq standartlara uyğun yeni zavodların yaradılması, əhalinin rifahının yüksəldilməsi istiqamətində irimiqyaslı tədbirlər həyata keçirilir və əhəmiyyətli sosial-iqtisadi nəticələr əldə olunur.
Son illərdə sürətlə inkişaf edən infrastruktur sahələrindən biri də nəqliyyat sektorudur ki, bu istiqamətə davamlı və irihəcmli investisiyaların yönəldilməsi nəticəsində nəqliyyat vasitələrinin yenilənməsi, körpülərin tikilməsi, müasir avtomobil yollarının çəkilməsi, yenidən qurulması və s. işlər uğurla davam etdirilib, strateji əhəmiyyətli layihələrin səmərəli fəaliyyəti sahənin inkişafına öz müsbət təsirini göstərib.
Prezident İlham Əliyevin mayın 15-də Qəbələ rayonuna səfəri çərçivəsində Qəbələ Dəmir Yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun, həmçinin Bum çayı üzərində yeni körpünün və Bum qəsəbəsinə gedən avtomobil yolunun bərpadan sonra istifadəyə verilməsi də respublikada bu sahəyə göstərilən qayğının bariz ifadəsidir.
Bütün bunlar, eyni zamanda, dövlətimizin başçısının siyasətinə uyğun olaraq hazırda ölkəmizin regionlarında infrastrukturun inkişaf etmiş ölkələrdəki səviyyəyə çatdırılmasının diqqət mərkəzində saxlanılmasından xəbər verir. Bu baxımdan Azərbaycan Prezidentinin müvafiq tapşırıqları əsasında respublikamızda geniş vüsət alan dəmir yolu şəbəkəsinin genişləndirilməsi, kənd yollarının inşası və yenidən qurulması mühüm önəm daşıyır. Bütün bölgələrdə kənd yollarının tikintisi ilbəil daha da genişləndirilir. Bu, həm sosial, həm də iqtisadi layihələrdir. Həmin layihələrin icrası nəticəsində on minlərlə yeni iş yeri açılır. Müasir kənd yolları yerlərdə aqrar bölmənin əsaslı şəkildə inkişafına təkan verir, kənd təsərrüfatı məhsullarının bazarlara rahat və operativ şəkildə çatdırılmasına əlverişli şərait yaradır. Kənd yollarının inşasının genişləndirilməsi məqsədilə büdcə vəsaiti ilə yanaşı, Prezidentin Ehtiyat fondundan da əlavə vəsait ayrılır.
Yuxarıda qeyd etdiyim kimi, ölkə Prezidentinin Qəbələyə səfəri çərçivəsində 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpü, habelə Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpadan sonra istifadəyə verilməsi də əhalinin sosial şəraitinin yaxşılaşdırılması məqsədinə xidmət edir.
Yeri gəlmişkən, xatırladım ki, sözügedən yeni körpü və yol istifadəyə verilənə kimi, insanlar rayon mərkəzinə gəlməkdən ötrü 30-35 kilometr məsafə qət ediblər. Şübhəsiz ki, bu da vaxt itkisi, narahatlıq, əzab-əziyyət hesabına başa gəlib. Ən başlıcası isə sakinlərin yetişdirdikləri kənd təsərrüfatı məhsullarının rayon mərkəzinə, eləcə də paytaxta aparılması izafi xərclə qarşılanıb. Deməli, bu infrastrukturun etibarlı şəkildə yenilənməsi həm də əhalinin rifahının yüksəldilməsinə hesablanıb”.
Emin Bağırov fikirlərini belə yekunlaşdırıb: “Bütün bunlar deməyə əsas verir ki, bu gün ölkəmizdə yol-nəqliyyat kompleksinin yenidən qurulması işi uğurla davam etdirilir. Belə ki, əgər əvvəllər ən müasir standartlara uyğun beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması diqqət mərkəzində idisə, indi yerli əhəmiyyətli yolların inşasına da xüsusi önəm verilir. Dövlətimizin başçısının tapşırıqlarına müvafiq olaraq ölkəmizin demək olar ki, bütün yaşayış məntəqələrində mövcud avtomobil yolları əsaslı təmir edilir və ya yenidən qurulur. Şəhər və rayon mərkəzlərini qəsəbə və kəndlərlə birləşdirən yollar, eləcə də qəsəbə və kəndlərin daxili yolları yenilənir.
Bir sözlə, yaşayış məntəqələrinin sosial problemlərinin həlli istiqamətində dövlətimizin başçısının tapşırıq və sərəncamları ilə həyata keçirilən müxtəlif infrastruktur layihələri içərisində yolların tikintisi və təmirinə xüsusi diqqət yetirilir. Məhz bunun nəticəsidir ki, hazırda təkcə Qəbələdə deyil, digər rayonlarımızda da yolların əsaslı şəkildə yenidən qurulması davam etdirilir”.

Cəmiyyət 2021-05-17 21:00:00