×
A
A
A
Sazlamalar

Naxçıvanda keçirilən şahmat üzrə Azərbaycan çempionatında təşkilatçılıq yüksək səviyyədədir

Naxçıvan, 17 may, AZƏRTAC

Naxçıvanda keçirilən kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında təşkilatçılıq yüksək səviyyədədir. Yarışda iştirak edən digər şahmatçılar da mənim kimi təşkilatçılardan razıdırlar. Bizim hansısa bir istəyimiz olduqda dərhal yerinə yetirməyə çalışırlar. Bu, göstərilən diqqət və qayğının təzahürüdür.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Azərbaycan çempionatının iştirakçısı, beynəlxalq qrossmeyster, yarışın finalçılarından olan Vasif Durarbəyli deyib.
O, Naxçıvan şəhəri barədə də təəssüratlarını bölüşərək bildirib ki, şəhərin abadlığı, təmizliyi göz oxşayır. Bu amil idmançılar üçün çox vacibdir. Çünki ətraf mühit hər bir insanda gözəl əhval-ruhiyyə yaradır.
“Sonuncu dəfə 2012-ci ildə “Naxçıvan Open” turnirində iştirak etmişəm. 9 ildən sonra yenidən Naxçıvanda keçirilən nüfuzlu şahmat yarışında iştirak etməkdən sevinc hissi keçirirəm”, - deyən Vasif Durarbəyli qeyd edib ki, pandemiya ilə bağlı olaraq bir ildir şahmat oyunları ancaq onlayn formada keçirilirdi. Onlayn oyunda rəqibin hisslərini duymaq olmur, bu da oyuna marağı azaldır. Lövhə arxasında mübarizə aparmaq bu baxımdan gözəldir.
Qrossmeyster finala vəsiqə qazanmasının sevincini yaşadığını da qeyd edib. Bildirib ki, beynəlxalq qrossmeyster Nicat Məmmədovla oyunda “idman xoşbəxtliyi” onun tərəfində olub və nəticədə görüşdən qalib ayrılıb. İki eyni səviyyəli oyunçunun mübarizəsində qalib bəxti gətirən tərəf olur. Belə ki, birinin digəri üzərində qələbəsində daha çox təsadüflər rol oynayır. Yəni, söhbət xoş təsadüfdən gedir. Nəticə təbii ki, hər zaman önəmlidir, amma əsas maraqlı oyunun nümayiş etdirilməsidir. Artıq sona doğru hər bir şahmatçı ən yüksək performansı sərgiləməyə çalışır.
Vasif Durarbəyli deyib: “Nəticənin nə olacağı mənim əlimdə olan bir şey deyil. Ancaq ümidliyəm. Bu günə qədər turnirdə ən yaxşı nəticəni göstərmişəm. Ümid edirəm ki, bu göstəricinin sonunu da gətirə biləcəyəm. Gözləyək, görək, Azərbaycan çempionatının qalibi kim olacaq”.

Regionlar 2021-05-17 19:53:00