×
A
A
A
Sazlamalar

Qənirə Paşayeva: “Xarıbülbül” musiqi festivalının təşkili Qarabağın tarixi simasının bərpasının parlaq təcəssümüdür

Bakı, 17 may, AZƏRTAC

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa mayın 12-13-də “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq, Heydər Əliyev Fondunun təşkil etdiyi musiqi festivalı Qarabağın tarixi simasının özünəqayıdışının parlaq təcəssümüdür.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Komitə sədri diqqətə çatdırıb ki, müharibədən çıxmış ölkə qarşısına 30 ilə yaxın işğalın ağır yaralarını sarımaq, görüləcək böyük işlərin sürətli və keyfiyyətli icrasını həyata keçirmək kimi önəmli vəzifələr qoyub. Üstəlik, məğlubiyyətlə barışmayan bəzi üzdəniraq erməni qüvvələri havadarlarına arxalanaraq revanşist fikirlərlə çıxış edirdilər. “Xarıbülbül” festivalı belə bir vəziyyətdə keçirildi. Musiqi festivalının keçirilməsi ilə həm də burada reallaşdırılan əsaslı təmir və bərpa işlərinin ilkin nəticələri, yeni tikililərin təməlinin qoyulması dünyaya nümayiş olundu.
Bu günə gəlib çatmaq heç də asan olmayıb. Ermənistanın təcavüzü və işğal siyasəti nəticəsində 1992-ci ilin bu günləri qan ağlayırdıq. 2020-ci ilin bu günləri Şuşada “guya demokrat” Paşinyan qalib ədası ilə “yallı” gedir, kabab yeyir və dünyaya nümayiş etdirirdi ki, bu şəhər də, musiqi də məhz ermənilərindir. Amma Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğ”u və rəşadətli Azərbaycan Ordusu düşmənə, onun rəhbərinə, havadarlarına öz yerini göstərdi, sübut etdi ki, Qarabağ, onun tacı Şuşa bizimdir və bizim olaraq qalacaq.
Qənirə Paşayeva vurğulayıb ki, Şuşanın azad olunması və onun əsaslı bərpası, bir sözlə, dağların başındakı incinin Azərbaycan mədəniyyətində öz layiqli yerini alması ümummilli lider Heydər Əliyevin böyük hədəflərindən idi. “Xarıbülbül” festivalında ölkə başçısını kövrəldən, bütün izləyiciləri duyğulandıran Ulu Öndərin lent yazısı dediklərimizi bir daha təsdiqləyir. Ulu Öndər dediyi kimi, Qarabağı Şuşasız, Azərbaycanı ümumiyyətlə, Qarabağsız təsəvvür etmək mümkün deyil. Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşanın azad olunması xəbərini verərkən ata vəsiyyətini yerinə yetirdiyini bəyan etdi. Biz Şuşanı azad etməklə həm də şəhidlərimizin ruhunu şad etdik.
“Dövlətimizin başçısının “Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik”! kəlmələri bir daha təsdiq edir ki, Qarabağın və onun tacı olan Şuşanın dəyəri, qiyməti bizim üçün çox böyükdür.
Prezident İlham Əliyev Şuşanı mədəniyyət paytaxtı elan etdikdən sonra türk və İslam qurumlarının başçıları Şuşanın türk dünyasının, İslam dünyasının mədəniyyət paytaxtı elan olunması təklifi ilə dövlətimizin başçısına müraciət etdilər. Bu, hər bir azərbaycanlıya qürur və şərəf verir. Bunlar çox xoş hadisələrdir, fərəhlidir, qürurvericidir”, - deyə deputat qeyd edib.
Mədəniyyət komitəsinin sədri diqqətə çatdırıb ki, doğma Şuşada 30 ilə yaxın fasilədən sonra bu il ilk dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə ithaf edilmişdi. Bu musiqi festivalını Azərbaycanın tarixi Zəfərinin mədəniyyət sahəsində davamı kimi dəyərləndirmək olar. Qafqazın konservatoriyası öz ilkin funksiyasına qayıdır.
Gələn il 270 illik yubileyini qeyd edəcəyimiz Şuşa şəhəri Qarabağ xanı Pənahəli xanın yadigarı, Azərbaycan xalqının mədəni sərvətidir. Prezident İlham Əliyev qeyd etdiyi kimi, ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədi. Beləliklə, 30 ildən sonra bərpa edilən mükəmməl festival da, sözün əsl mənasında, milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi. Heç kimə sirr deyil ki, işğalçı Ermənistanın rəsmi təbliğatı, xüsusi qurumları 30 il boyunca respublikamızda müxtəlif dini, etnik icmalar arasında təfriqə yaratmaq, unitar dövlətçiliyimizi zəiflətmək, parçalamaq üçün davamlı iş aparıb, bu məqsədlə açıq, gizli qurumlar yaradılıb, dünya erməniliyi tərəfindən ciddi dəstək də daxil olmaqla, milyonlarla vəsait xərclənib.
Monoetnik dövlət olan Ermənistan xəbis xislətinə uyğun olaraq 44 günlük Vətən müharibəsində çiyin-çiyinə vuruşan müxtəlif etnik və dini icmalara mənsub azərbaycanlıların “Ya Qarabağ, ya ölüm!”, “Qarabağ Azərbaycandır!” harayını, eşqini anlaya bilməzdi. Azərbaycan Ordusunun Zəfər yürüşü “Xarıbülbül” musiqi festivalı ilə tamamlanmış oldu.

Siyasət 2021-05-17 19:14:00