×
A
A
A
Sazlamalar

Deputat: Şuşanın mədəniyyət paytaxtı elan olunması böyük milli əhəmiyyətə malikdir

Bakı, 17 may, AZƏRTAC

Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunması böyük milli əhəmiyyətə malik olmaqla yanaşı, bütün dünyaya ünvanlanmış tarixi-siyasi mesajdır. Bu, Azərbaycan xalqının öz tarixinə, ənənələrinə, mədəniyyətinə sonsuz ehtiramının ifadəsi, Vətən müharibəsində əldə etdiyi böyük zəfərin ictimai düşüncəmizdə, milli yaddaşımızda fövqəladə yerinin olduğunun sübutudur.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Deputat hesab edir ki, Azərbaycan Prezidentinin Sərəncamı həm də Ermənistanda revanşist bəyanatlar verən bəzi siyasi dairələr üçün ciddi xəbərdarlıq kimi qiymətləndirilməlidir. 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarını müxtəlif cür təfsir etmək, hətta təftiş etmək cəhdləri onsuz da acınacaqlı vəziyyətdə olan Ermənistanı daha böyük və həlli mümkün olmayan problemlərlə üz-üzə qoya bilər: “Vətən müharibəsi yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə nəticələnmədi. Həm də region ölkələrinin, eləcə də Cənubi Qafqazdakı real güclərin konfiqurasiyasını dəyişdi. Ermənistanda revanşist xülyalarla çıxış edənlər, real mənzərəni görə bilməyənlərdir. Dövlətlər arasında mübahisə və ziddiyyətlər bəyanatlarla, populist çağırışlarla həll olunmur. Burda real iqtisadi güc, geosiyasi mənzərə, hərbi potensial və bunlarda heç də az əhəmiyyət kəsb etməyən demoqrafik amillər həlledici rola malikdir”, - deyə deputat vurğulayıb.
Malik Həsənov qeyd edib ki, indiki reallıqda Azərbaycan və Ermənistanın iqtisadi imkanları müqayisə olunmayacaq dərəcədə fərqlənir. Müharibədə Ermənistan ordusu tamamilə məhv edildiyindən iki ölkənin hərbi potensialını da müqayisə etmək üçün əsas yoxdur. Geosiyasi reallıqlara gəldikdə isə, Ermənistanın öz qonşularının ikisi ilə diplomatik əlaqələri yoxdur, həm Azərbaycan, həm də Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edir. Eyni problem bir qədər yumşaq və gizli formada Gürcüstanla da yaşanır. İran və Rusiya ilə münasibətlərə gəlincə isə, Ermənistanın bu münasibətləri Azərbaycana qarşı yönəltmək imkanları yoxdur. Çünki məhz Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Rusiya Azərbaycanı özünün strateji tərəfdaşı, İran isə etibarlı dostu hesab edir. Ermənistan üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı vəziyyəti də hər kəsə məlumdur.
Demoqrafik amillərin də regionun gələcəyinə kifayət qədər ciddi təsirə malik olduğunu vurğulayan deputat deyib: “Azərbaycan əhalisi ildən-ilə artır. Azərbaycanda ötən il 165 mindən çox şagird birinci sinfə gedib. Ermənistanda isə bu rəqəm heç 40 minə belə çatmamışdı. Üstəlik ölkədən miqrasiya edənlərin sayı sürətlə artır. Pandemiyanın bitməsindən sonra bunun qarşısıalınmaz kütləvi bir prosesə çevriləcəyi proqnozlaşdırılır. Demoqrafik amillər dövlətin nəinki inkişafı üçün, həm də mövcudluğunu qorumaq üçün çox ciddi və həlledici əhəmiyyətə malikdir”.
Qeyd olunub ki, Azərbaycan bütün istiqamətlər üzrə Ermənistandan bir neçə dəfə üstündür. Ona görə də Ermənistan siyasi elitası daha çox mövcud şərtlər daxilində öz dövlətini qorumağın yolları barədə düşünməlidir.

Siyasət 2021-05-17 17:37:00