×
A
A
A
Sazlamalar

Azərbaycan “İpək yolu elektron ticarət əməkdaşlığı” tədbirində təmsil olunub

Pekin, 17 may, AZƏRTAC

Azərbaycan Çinin Sian şəhərində keçirilmiş “İpək yolu elektron ticarət əməkdaşlığı-2021" mövzusunda dəyirmi masada təmsil olunub.
AZƏRTAC xəbər verir ki, Çin Kommersiya Nazirliyi və Şansi vilayəti hökumətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin açılışında kommersiya nazirinin müavini Van Şouven və Şaansi vilayətinin vitse-qubernatoru Vey Cianfen çıxış ediblər. Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu ölkəmizdə elektron ticarətin inkişafına böyük önəm verilməklə yanaşı, iqtisadiyyatın rəqəmsallaşdırılmasının iqtisadiyyatın əsas inkişaf prioritetlərindən biri kimi müəyyən edildiyini bildirib.
Son illər elektron ticarətin inkişafı istiqamətində ölkəmizdə reallaşdırılan önəmli tədbirlər haqqında geniş məlumat verən Ticarət nümayəndəsi qeyd edib ki, İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” yaradılıb. Ötən ay Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afiləedilmiş Azərbaycan Mərkəzi (4SİM Afiləedilmiş Azərbaycan Mərkəzi) fəaliyyətə başlayıb.
T.Nadiroğlu Şansi vilayətindən olan şirkətləri Azərbaycanda rəqəmsal iqtisadiyyat və elektron ticarətin inkişafında iştirak etməyə və bu sahələrə investisiya yatırmağa çağırıb. Çin şirkətləri Azərbaycanın önəmli coğrafi mövqeyindən istifadə edərək, ölkəmizdə regional logistik mərkəzlər tikməyə dəvət edilib.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

İqtisadiyyat 2021-05-17 17:32:00