Dmanisidə İslam və xristian dini liderləri görüşüblər
Tbilisi, 17 may, AZƏRTAC
Gürcüstanın Dmanisi rayonunda baş verən son hadisələr bu ölkədəki din xadimlərini də narahat edib.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov və müfti Etibar Eminov mayın 17-də Dmanisi rayonunda olublar. Onlar Dmanisidə xristian din nümayəndələri ilə görüşüblər.
Görüşdə tərəflər rayonda baş verən anlaşılmazlığın dialoq yolu ilə həll edilməsinin önəmini vurğulayıblar.
Qeyd edək ki, mayın 16-da bir qrup svan əsilli ekomiqrant etnik azərbaycanlılara məxsus mağazaya hücum edərək oradakı insanlara fiziki şiddət göstəriblər.
Bu gün isə rayon mərkəzinə toplaşan yerli azərbaycanlı icmasının nümayəndələri günahkarların dərhal cəzalandırılmasını tələb ediblər. Sonra insident böyüyüb və tərəflər arasında Dmanisi küçələrində qarşıdurmalar yaşanıb. Rayon mərkəzinə əlavə polis qüvvələri cəlb edilib. Hazırda polis rayon mərkəzinə nəzarət edir və nisbi sakitlikdir.
Qeyd edək ki, Gürcüstanın daxili işlər, iqtisadiyyat və davamlı inkişaf nazirləri, eləcə də Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi rayondakı hadisələrə münasibət bildirib.
Hər üç qrupun rəhbəri baş verənlərə milli don geyindirməyin düzgün olmadığını, ölkədə dini zəmində qarşıdurma yaratmaq istəyənlərə qarşı sərt tədbirlər görüləcəyini bildiriblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bakıda Qafqaz Albaniyası mövzusuna həsr olunmuş XI beynəlxalq elmi konfrans başa çatıb
FHN: “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın söndürülüb VİDEO
“Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb VİDEO
“Taxta bazarı”ndakı yanğının söndürülməsinə 15 texnika və 70 nəfər cəlb olunub