×
A
A
A
Sazlamalar

Diasporla İş üzrə Dövlət Komitəsi erməni diasporunun Lüksemburqda törətdiyi təxribatla bağlı məlumat yayıb

Bakı, 17 may, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsi erməni diasporunun Lüksemburqda törətdiyi təxribatla bağlı məlumat yayıb.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan diasporunun fəallığı, beynəlxalq aləmdə öz sözünü cəsarətlə deməsi və xaricdə yaşayan soydaşlarımızın milli maraqlarımızın müdafiəsində vahid mövqedən çıxış etməsi müasir dövrün danılmaz reallığıdır.
Məlumatda, həmçinin deyilir: “Müşahidələr göstərir ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən tarixi Zəfər, müharibə dövründə və müharibədən sonrakı dövrdə Azərbaycan diasporunun göstərdiyi fəallıq, qazandığı uğurlar daimi işğalçılıq xisləti ilə yaşayan erməniləri ciddi narahat edir.
Hər zaman olduğu kimi, son dövrlərdə də ermənilərin davamlı olaraq Azərbaycan diaspor mərkəzlərinə, Azərbaycan evlərinə zərər vurması, sosial şəbəkələrdə təxribata cəhd etmələri müşahidə olunur. Mayın 13-də Lüksemburqda yerləşən Qarabağ Mədəniyyət Mərkəzinə hücum zamanı binanın qapı və pəncərələrin sındırılması, mərkəzə ciddi zərər vurulması bunun bariz nümunəsidir. Təəssüf ki, ABŞ, Avstraliya və digər ölkələrdə də erməni diasporunun oxşar aciz və qorxaq hərəkətləri müşahidə edilməkdədir. Bu kimi hallar gərginliyin daha da artırılmaması səbəbindən çox vaxt ictimailəşdirilmir.
Lüksemburqda baş verən hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edilib və hazırda insidentlə bağlı araşdırma aparılır. Ümidvarıq ki, baş verənlərə hüquqi qiymət veriləcək”.
Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızı baş verən insidentlərə təmkinlə yanaşmağa, təxribatlara uymamağa, erməni diasporunu isə təhrikçi hərəkətlərdən əl çəkməyə, yaşadıqları ölkələrin qanunlarına hörmət etməyə çağırıb.

Diaspor 2021-05-17 17:05:00