×
A
A
A
Sazlamalar

Azərbaycan və Tatarıstan diasporlarının nümayəndələri “Azərbaycan Böyük Vətən müharibəsi illərində” kitabının nüsxələrini Kazan kitabxanalarına təqdim ediblər

Bakı, 17 may, AZƏRTAC

Tatarıstan Respublikasındakı Azərbaycan diasporunun nümayəndələri və Azərbaycan Respublikasındakı Tatarıstan diasporunun nümayəndələri “Azərbaycan Böyük Vətən müharibəsi illərində” kitabının nüsxələrini Tatarıstan Respublikası Milli Kitabxanasına və Kazan şəhər Mərkəzi Kitabxanasına təqdim ediblər.
AZƏRTAC Azərbaycandakı “Tatarıstan” İctimai Birliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu kitab faşizm üzərində böyük Qələbənin 75 illiyi münasibətilə Kurskda çap edilib.
Kitabın nəşr edilməsinin təşəbbüskarı və onun həmmüəlliflərindən biri Kursk vilayətindəki Azərbaycan icmasının rəhbəri Qasım Kərimovdur. Kitabda geniş oxucu dairəsinə indiyə qədər məlum olmayan xeyli material toplanıb. 1941-1945-ci illərdə Azərbaycan xalqının faşizmə qarşı mübarizədə göstərdiyi igidliklər Q.Kərimovu belə bir kitab yaratmağa sövq edib.
Əsərin baş redaktoru tarix elmləri doktoru Vəfa Quliyevadır. Kitabın ərsəyə gəlməsinə Nijni Novqorod, Arxangelsk, Moskva və Orenburqun Azərbaycan diasporlarının nümayəndələri kömək ediblər.
Tatarıstan Respublikası Milli Kitabxanasının direktor müavini Liliya Zalyalova kitabı kitabxananın fonduna qəbul edərək vurğulayıb ki, indi Tatarıstanın hər bir sakini və respublikanın hər bir qonağı bu tarixi əsərlə tanış ola biləcək.
Azərbaycandakı “Tatarıstan” İctimai Birliyinin sədr müavini Emin Ramazanov deyib: “Təsadüfi deyil ki, kitabın ilk səhifələrindən birində neftlə dolu sistern fotoşəkili verilib. Axı Böyük Vətən müharibəsi illərində SSRİ-də hasil edilən bütün neftin demək olar ki, dörddə üç hissəsini Azərbaycan neft sənayesi təmin edirdi. Bu sahə həmin illərdə ölkənin müdafiə qabiliyyətini təmin edən əsas sahələrdən biri olub”.
Tatarıstan Respublikasındakı azərbaycanlıların regional ictimai təşkilatının sədri Bəhram Mustafayev vurğulayıb ki, Böyük Vətən müharibəsində qələbə ümumi səylər nəticəsində qazanılıb. Azərbaycandan 600 mindən çox insan cəbhəyə yola düşüb, onların təqribən yarısı qayıtmayıb. Azərbaycanın 128 nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 döyüşçümüz “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib, 176 min nəfər müxtəlif orden və medallar alıb.
Kitabın Kazan kitabxanalarına məhz mayın 10-da təqdim edilməsi heç də təsadüfi deyil. Axı 10 may Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günüdür.
Tatarıstan Respublikasındakı Azərbaycan diasporunun nümayəndələri həmin gün dəyirmi masa arxasında toplaşaraq bu böyük şəxsiyyətin, müdrik siyasi xadimin Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının dirçəldilməsinə verdiyi töhfələri müzakirə ediblər.
Kitabın təqdimatı Tatarıstandakı Azərbaycan diasporunun birgə layihələrinin və aksiyalarının davamı oldu.

Mədəniyyət 2021-05-17 14:59:00