×
A
A
A
Sazlamalar

“Əbdürrəhim bəy Haqverdiyev” biblioqrafiyasının təkmilləşdirilmiş variantı nəşr olunub

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan Milli Kitabxanası “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Əbdürrəhim bəy Haqverdiyev” biblioqrafiyasını növbəti dəfə nəşr etdirib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sözügedən vəsait görkəmli yazıçı-dramaturq, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinə həsr edilmiş ilk fundamental biblioqrafiyadır. Biblioqrafiyada ədibin kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, həyat və yaradıcılığını əks etdirən zəngin materiallar öz əksini tapıb.
Azərbaycan Milli Kitabxanasının yubiley münasibətilə tərtib etdiyi bu yeni biblioqrafiya daha da təkmilləşdirilib, yeni bölmələr və yarımbölmələr əlavə edilib. Biblioqrafiyanın əvvəlində Prezident İlham Əliyevin imzaladığı “Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı, “Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər Əbdürrəhim bəy Haqverdiyev haqqında”, “Əbdürrəhim bəy Haqverdiyevin müdrik fikirləri” bölmələri verilib. Biblioqrafiya 1892-2020-ci illərə aid Azərbaycan, rus və digər dillərdə çap olunmuş materialları əhatə edir. Biblioqrafiyada Əbdürrəhim bəy Haqverdiyevin kitabları, əlyazmaları, dövri mətbuatda, məcmuələrdə çap olunmuş əsərləri, elmi və publisistik məqalələri, habelə dramaturqun həyat və yaradıcılığını əks etdirən materiallar əksini tapıb. İlk dəfə olaraq “Əbdürrəhim bəy Haqverdiyev dünya kitabxanalarında” və “Əbdürrəhim bəy Haqverdiyev dünya universitet kitabxanalarında” bölmələri də tərtib edilərək biblioqrafiyaya daxil edilib. Biblioqrafik göstəricinin “Əlavələr” bölməsində “Arxiv materialları”, “Elektron resurslar”, “Əbdürrəhim bəy Haqverdiyevin səhnələşdirilmiş əsərlərinin afişa və proqramları” altbölmələri də yerləşdirilib.
Biblioqrafiyada ədəbiyyat xronoloji qaydada qruplaşdırılıb, daxildə isə əlifba sırası gözlənilib. Vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə biblioqrafiyanın sonunda Əbdürrəhim bəy Haqverdiyevin əsərlərinin və haqqında yazan müəlliflərin əlifba göstəriciləri tərtib edilib.
Biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Biblioqrafik göstərici ilə tanış olmaq istəyənlər http://anl.az/down/Ebdurrerim.Haqverdiyev.pdf linkindən istifadə edə bilərlər.

Mədəniyyət 2021-05-17 14:04:00