×
A
A
A
Sazlamalar

Bu gün Şimali Makedoniyada 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürəcək

Bakı, 17 may, AZƏRTAC

Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürəcək.
AZƏRTAC xəbər verir ki, 36 ölkədən 425 idmançının iştirak edəcəyi qitə birinciliyində Azərbaycan güləşçiləri də mübarizə aparacaqlar.
Çempionatın ilk 3 günündə sərbəst güləşçilər xalça üzərinə çıxacaqlar. Turnirin birinci günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində çıxış edən güləşçilər yarışacaqlar.
Milli komandamızın üzvlərindən Əliabbas Rzazadə (57 kq) Beşir Alili (Şimali Makedoniya), Zirəddin Bayramov (65 kq) rusiyalı Abdulməcid Kudiyev, Cəbrayıl Hacıyev (70 kq) gürcüstanlı Georgi Elbakidze, İslam İlyasov (97 kq) isə Rusiya idmançısı Aslanbek Sotiyev ilə qarşılaşacaq.
Görüşlər hər gün Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.

İdman 2021-05-17 09:39:00