×
A
A
A
Sazlamalar

Bu ilin üç ayında 1 ton 287 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb

Bakı, 16 may, AZƏRTAC

Bu ilin üç ayı ərzində aidiyyəti orqanlar tərəfindən (ötən ilin müvafiq dövrü ilə müqayisə etməklə) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı aparılmış mübarizə tədbirlərinin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunda təhlil olunaraq ümumiləşdirilib.
İşçi qrupundan AZƏRTAC-a bildiriblər ki, cari ilin birinci rübü ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2050 cinayət faktı aşkarlanıb. Onlardan 747-si narkotik vasitələrin qanunsuz satışı, 1264-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 13-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 26-sı isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 287 kiloqram 819,817 qram narkotik vasitələrin və psixotrop maddələrin 656 kiloqram 378,952 qramını heroin, 326 kiloqram 541,49 qramını marixuana, 147 kiloqram 157,972 qramını tiryək, 25 kiloqram 734,08 qramını həşiş, 89,679 qramını kokain, 29 kiloqram 418,755 qramını metamfetamin və 637,84 qramını digər narkotik vasitələr, 101 kiloqram 861,049 qramını psixotrop maddələr təşkil edib. Həmçinin bu dövrdə 5 kiloqram 881,85 qram güclü təsir edən maddələr, 4,05 qram zəhərli maddələr qanunsuz dövriyyədən götürülüb.
Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1071 nəfər cəlb edilib. Onlardan 16-18 yaşadək 4 nəfər, 18-25 yaşadək 80 nəfər, 26-29 yaşadək 202 nəfər, 30 yaş və ondan yuxarı isə 785 nəfər təşkil edib. Həmin şəxslərdən 1045-i kişi, 26-sı qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 12 nəfəri xarici ölkə vətəndaşlarıdır.
Məsuliyyətə cəlb edilmiş 12 xarici ölkə vətəndaşından 4-ü İran, 3-ü Gürcüstan, 2-si Türkiyə, 2-si Ukrayna və 1-i Rusiya vətəndaşları olub.
Hesabat dövründə hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 31 fakt aşkarlanıb. Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 175 kiloqram 847,482 qram müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılıb. Ümumilikdə, aşkarlanmış cinayətlərin 71-i qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 431 kiloqram 475,208 qram narkotik vasitələr müsadirə edilib.
Təhlil göstərir ki, 2020-ci ilin birinci rübü ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkarlanan faktların sayı 510, qanunsuz satışı ilə bağlı faktların sayı 147, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 356, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 7 vahid artıb, bu kateqoriyadan olan digər cinayətlərlə bağlı faktların sayı isə sabit olub. Həmçinin qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 656 kiloqram 945,417 qram, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 300 nəfər artıb.
Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 14 min 329 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1043 nəfərindən 529-nun istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib. Hesabat dövründə 1234 nəfər stasionar müalicədə olub. Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə 773 xəstə müalicə alır.
Səhiyyə Nazirliyinin 2020-ci il dekabrın 31-nə olan məlumatına əsasən, respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 33 min 788 nəfər təşkil edib. Həmin şəxslərdən 28 min 318 nəfəri dispanser, 5 min 470 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 618 nəfəri qadındır. 23 min 537 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 10 min 251 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir. 2020-ci ildə müvafiq diaqnozla 2723 nəfər qeydiyyata götürülüb, 1856 nəfər isə qeydiyyatdan çıxarılıb.
Hesabat dövründə Azərbaycanda 117 nəfər İnsan immunçatışmazlığı virusuna (İİV) yoluxub. Bütövlükdə 1988-ci ildən 2021-ci il martın sonunadək Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 8506-sı Azərbaycan vətəndaşı, 299-u əcnəbi olmaqla 8805 nəfər qeydiyyata götürülüb. İİV-ə yoluxanların 6316-sı kişi, 2489-u qadındır. Onlardan 3396-da İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Həmin kateqoriyadan olan şəxslərin 2694 nəfəri hazırda dispanser qeydiyyatındadır.
2021-ci ilin birinci rübündə antiretrovirus terapiyasına (ART) cəlb edilən 121 pasiyentdən 15 nəfəri inyeksion narkotik istifadəçisi olub. 2021-ci il martın 31-nə olan məlumata görə isə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 6990 nəfər təşkil edib. Onların da 2274 nəfəri inyeksion narkotik istifadəçisidir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu tərəfindən Dövlət Proqramına uyğun olaraq, müasir informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində məqsədyönlü işlər görülüb, bu sahədə fəaliyyət göstərən qurumların koordinasiyası təşkil edilib, qarşılıqlı əməkdaşlıq nəticəsində ictimai maarifləndirmə işlərinin əhatəsi genişləndirilib. Belə ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2020-ci ilə dair “İş Planı” hazırlanaraq təsdiq edilib və icraya yönəldilib.
Dövlət Proqramının 4.1.23-cü bəndinin icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu tərəfindən “İllik Hesabat” hazırlanıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunda fəaliyyət göstərən “802” qaynar xətt əlaqə mərkəzinə bu ilin birinci rübü ərzində 32 müraciət daxil olub, onlardan 6-sı narkotik vasitələrin qanunsuz satışı (4 müraciət əsasında cinayət işi başlanılıb), 9-u narkomaniyadan müalicə (6 nəfər müalicəyə qəbul olunub), 17-si isə digər məsələlərlə bağlı olub. Həmin müraciətlər müvafiq tədbirlər görülməsi üçün aidiyyəti orqanlara göndərilib.
Eyni zamanda, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının www.nmdk.gov.az internet saytının “Onlayn müraciət” bölməsinə yeddi müraciət daxil olub, onlardan dördü narkotik vasitələrin qanunsuz satışı (4 müraciət əsasında cinayət işləri başlanılıb), ikisi narkomaniyadan müalicə, biri isə digər məsələ ilə bağlı olub.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu antinarkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədi ilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə İdarəsi arasında birgə Tədbirlər Planları imzalanıb və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilməkdədir.
Eyni zamanda, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi, aidiyyəti qeyri-hökumət təşkilatlarının, o cümlədən digər vətəndaş cəmiyyəti institutlarının sosial xarakterli tədbirlərin icrasına cəlb olunması məqsədilə Narkomaniyaya Qarşı Mübarizə üzrə QHT Koalisiyası ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə həyata keçirilən tədbirlər və onların nəticələri barədə məlumatlılığın artırılması məqsədilə müvafiq razılaşmaya əsasən “İki Sahil” qəzetində açılmış rubrikanın qrafikinə uyğun olaraq məqalələr dərc edilib.
Dövlət Proqramının 4.4.38-ci bəndinin icrası ilə əlaqədar bu il yanvarın 9-dan etibarən “802 qaynar xətt” telefon xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış videoçarxın, narkomanlığın zərəri barədə “Narkotik sərhədsiz fəlakətdir” və animasiya formatında olan “İçindəki günəşi qoru, narkotikə yox de” adlı sosial roliklərin paytaxtın küçə və prospektlərdəki elektron lövhələrdə nümayişi və eyni zamanda, televiziya kanallarında yayımlanması təmin edilib. Dövlət Proqramının 4.4.9-cu bəndinə uyğun olaraq, üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan 26 ədəd yeni sosial lövhə Penitensiar Xidmətin Mühafizə Alayında, konvoy taborunda və cəzaçəkmə müəssisələrində quraşdırılıb.
Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.35-ci bəndinin icrası ilə əlaqədar Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu ilə “Bakı Metropoliteni” QSC-nin birgə əməkdaşlığı çərçivəsində 20 ədəd sosial lövhə “Memar Əcəmi”, “Koroğlu”, “Azadlıq”, “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu”, “İnşaatçılar”, “Nəsimi”, “Gənclik”, “Nəriman Nərimanov” və digər stansiyalarda quraşdırılıb və bir il ərzində nümayişi nəzərdə tutulub. Eyni zamanda, görülən işlərin davamlılığını təmin etmək məqsədi ilə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə tətbiq olunan sərtləşdirilmiş xüsusi karantin rejimi bitdikdən sonra Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış yeni sosial çarxların metro stansiyalarında mövcud olan monitorlarda da nümayiş olunması planlaşdırılıb.
Bu ilin fevral və mart aylarında “COVID-19 pandemiyası dövründə gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi” mövzusunda keçirilən onlayn zona seminar-müşavirələrində və digər tədbirlərdə Dövlət Komissiyasının İşçi qrupunun nümayəndələri iştirak ediblər.
Dövlət Proqramının 4.4.17-ci bəndinə müvafiq olaraq, bu il aprelin 7-də Azərbaycan Texniki Universiteti ilə birgə “Narkotik sərhədsiz fəlakətdir”" mövzusunda onlayn tədbir, aprelin 15-də Yasamal Rayon Gənclər və İdman İdarəsi ilə “Narkotiklə və narkobizneslə mübarizənin aktual problemləri” mövzusunda onlayn seminar-müşavirə, aprelin 22-də Bakı Musiqi Akademiyası ilə birlikdə “Narkomanlığa qarşı mübarizədə maarifləndirmə tədbirlərinin rolu” adlı vebinar, aprelin 29-da Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə onlayn formatında elmi-praktiki konfrans keçirilib.

Sosial 2021-05-16 18:59:00