×
A
A
A
Sazlamalar

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti matros-xilasedici vəzifəsinə müsabiqə elan edir

Bakı, 16 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümü ilə əlaqədar müqavilə əsasında matros-xilasedici vəzifəsinə müsabiqə elan edir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu ilin çimərlik mövsümü ərzində vakant matros-xilasedici vəzifələri üzrə keçiriləcək müsabiqədə (kişilər üçün) 18-40 yaşlarında, Azərbaycan dövlət dilini sərbəst bilən, fiziki cəhətdən sağlam, müddətli hərbi xidmət keçmiş, həmin peşənin tələblərinə uyğun hazırlığı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər ərizə ilə müraciət edərək şəxsiyyət vəsiqəsini, əmək kitabçasını (olanlar üçün), tam orta təhsil və ya orta ixtisas təhsili haqqında sənədi, sağlamlıq haqqında arayışı (qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsindən), 3x4 ölçüdə qırmızı fonda iki ədəd fotoşəkili şəxsən təqdim etməlidirlər.
Fiziki hazırlıq səviyyəsi və üzgüçülük bacarıqları müəyyən olunmuş normativlərə cavab verən namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.
Sənədlər mayın 17-dən etibarən hər gün (istirahət və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Bakı şəhəri, Xətai rayonunun Nəcəfqulu Rəfiyev küçəsi-26 ünvanında yerləşən Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində qəbul edilir.
Əlaqə telefonları (012) 512-17-26, (012) 512-17-35.

Sosial 2021-05-16 18:45:00