×
A
A
A
Sazlamalar

Hava şəraitinin əsasən yağmursuz keçməsi ilə əlaqədar bəzi çaylarda sululuğun azalması müşahidə olunub

Bakı, 16 may, AZƏRTAC

Keçən gün ərzində hava şəraitinin əsasən yağmursuz keçməsi ilə əlaqədar bəzi çaylarda sululuğun azalması müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mayın 16-da Kiçik Qafqazın ərazisindən axan Axıncaçay - Ağdam məntəqəsində suyun səviyyəsi 20, Gəncəçay - Zurnabadda 12, Qoşqarçay - Sərkarda 3, Zəyəmçay - Ağbaşlar və Kürəkçay - Çaykənd məntəqələrində 6, Əsrikçay - Əsrik Cırdaxanda 5, Şəmkirçay - Qalakənd və Qabırrı - Kəsəmən məntəqələrində 2 santimetr azalıb. Böyük Qafqazın ərazisindən axan Vəlvələçay - Təngəaltı məntəqəsində suyun səviyyəsi dəyişməyib. Bundan əlavə, Lənkəran-Astara bölgəsindən axan Təngərüdçay - Vaqo məntəqəsində suyun səviyyəsində 1 santimetr artım qeydə alınıb, Lənkərançay - Sifidor və Viləşçay - Şıxlar məntəqələrində isə dəyişiklik müşahidə olunmayıb.
May ayının ikinci ongünlüyünün norması ilə müqayisədə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq normanın 72, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında normanın 21-80, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay və Viləşçayda isə normanın 24-47 faizini təşkil edir.
Mayın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi 328 kubmetr/saniyəyə bərabərdir. Bu da normanın 44 faizini təşkil edir.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 13 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 134 kubmetrdir. Bu da ongünlük normanın 66 faizini təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 14 santimetr azalaraq 444, Şirvan məntəqəsində 12 santimetr azalaraq və 249, Bankə məntəqəsində 6 santimetr azalaraq 162, Araz çayının Novruzlu məntəqəsində isə 15 santimetr azalaraq və 155 santimetr olub.

Ekologiya 2021-05-16 17:10:00