×
A
A
A
Sazlamalar

Respublika QİÇS-lə Mübarizə Mərkəzində 7 449 nəfər rəsmi qeydiyyatdadır

Bakı, 16 may, AZƏRTAC
Hər il may ayının üçüncü istirahət günü QİÇS-dən dünyasını dəyişən insanların Ümumdünya Xatirə Günü kimi qeyd edilir. Xatirə günü QİÇS-dən vəfat edənlərin yad olunması, insanları QİÇS-ə yoluxma təhlükəsi haqqında düşünmələri, onların irqindən, milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq, QİÇS-dən sığortalanmadıqlarını dərk etmələrinə çağırır. Eyni zamanda, bu tədbir cəmiyyətin diqqətini, İİV-lə yaşayan insanlara qarşı stiqma və diskriminasiyanı aradan qaldırmaq, onların ailə üzvlərinə, yaxınlarına və dostlarına dəstək vermək, geniş ictimaiyyətə İİV/QİÇS haqqında düzgün informasiya çatdırmaq məqsədi daşıyır.
Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2021-ci ilin aprelin sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində (RQMM) İİV-infeksiyası təsdiq olunub, 7 449 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan, 5198-i (69,8 faizi) kişi, 2251-si (30,2 faizi) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1889 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 1 119 nəfərdir.
Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Nazirlik tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirir. Belə ki, 2006-cı ilin noyabrın 8-dən tətbiq edilən antiretrovirus terapiyaya 6627 insan cəlb olunub, onlardan 211 nəfərə müalicə 2021-ci ilin ilk 4 ayı ərzində başlanılıb.
Hazırda Respublika QİÇS-lə Mübarizə Mərkəzi, COVID-19 pandemiyası ilə əlaqədar, İİV-lə yaşayan insanların koronavirus infeksiyasına yoluxma təhlükəsinin qarşısını almaq məqsədilə, öz işini UNAİDS-in tövsiyələrinə uyğun olaraq həyata keçirir. İİV-lə yaşayan insanların dərman çatışmazlığının qarşısını almaq məqsədilə onlara ARV dərmanların 3 aylıq ehtiyatı verilir. Eyni zamanda, ehtiyac olduqda onların koronavirusa görə testə göndərilməsi həyata keçirilir. İİV-lə yaşayan insanların koronavirusa yoluxmaya görə yüksək risk daşıması ilə əlaqədar, onların COVID-19 barədə biliklərinin artırılması məqsədilə xüsusi broşür nəşr olunub.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da ənənəvi olaraq QİÇS-dən dünyasını dəyişmiş insanların xatirəsi anılır. Koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən karantin rejimi ilə əlaqədar maarifləndirmə işləri, həmçinin İİV-infeksiyası ilə əlaqədar vətəndaşların sorğularının cavablandırılması üçün RQMM-in rəsmi internet səhifəsində yeni modul yaradılıb və 24 saat onlayn fəaliyyət göstərən həkim və digər əməkdaşların mobil telefonları orada qeyd olunub.
Bu xatirə günündə QİÇS-dən dünyasını dəyişənləri bir daha yada salır və hamını sağlam həyat naminə İİV-infeksiyası/QİÇS-lə mübarizədə səyləri birləşdirməyə çağırırıq.

Səhiyyə 2021-05-16 13:03:00