×
A
A
A
Sazlamalar

İyunun 1-də “Demo Day – Barama” keçiriləcək

Bakı, 16 may, AZƏRTAC

İyunun 1-də Azərbaycan İnnovasiyalar Agentliyinin dəstəyi, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin və “Startup Grind Baku”nun təşkilatçılığı ilə “Incubation 2021” adlı proqramının yekunu olan “Demo Day – Barama” keçiriləcək.
AZƏRTAC xəbər verir ki, 24 həftə ərzində iki mərhələdə keçirilən “Incubation 2021” proqramının əsas hissəsi təlimatlar, təlimlər və vörkşoplardan ibarət olub, ikinci hissəsi isə layihələrin inkişaf etdirilməsinə həsr olunub.
Proqram çərçivəsində 6 startap yerli və xarici mentorlar ilə keçirilən təlim və görüşlərdə ekosistemin ən incə sirləri, məhdud sayda peşəkarların bildiyi tətbiqi texnoloji və elmi biznes həlləri, idarəçiliyin ən son metodologiyaları haqqında öyrənmək imkanı qazanıb. Əldə etdikləri bilikləri proqram iştirakçıları öz startaplarında tətbiq edib və tam formalaşmış bacarığa çevirdilər.
“20-dən çox yerli və xarici mentorların təcrübələrindən yararlanıb 6 ay ərzində startaplarını inkişaf etdirən komandalarımız bizə qürur hissini yaşadır. Onlayn keçiriləcək “Demo Day - Barama” proqramı çərçivəsində 6 aylıq fəaliyyətlərinin nəticəsi olan hazır məhsullarını ictimaiyyət və potensial investorlar qarşısında təqdim edəcək”, - deyə agentlikdən bildirilib.
Xatırladaq ki, “Demo Day - Barama” proqramında “Spendonate”, “Ziyas”, “Doctonline”, “bardachok.io”, “Stubie” komandaları iştirak edəcək.

İKT 2021-05-16 12:12:00