×
A
A
A
Sazlamalar

Deputat: Ermənilər üçtərəfli Bəyanatın tələblərinə kölgə salmağa çalışsalar da, Azərbaycan tərəfi yenə öz ləyaqətli davranışına sadiqdir

Bakı, 5 may, AZƏRTAC

Son proseslər nəticəsində meydana çıxan mənzərə budur ki, ermənilər nə qədər namərdlik edərək Birgə Bəyanatın tələblərinə kölgə salmağa çalışsalar da, Azərbaycan tərəfi yenə öz mərdliyinə, dürüstlüyünə və ləyaqətli davranışına sadiqdir. Üç erməni hərbçinin azad olunması faktı da göstərir ki, Azərbaycan dövləti və onun Prezidenti İlham Əliyev son dərəcə humanist, alicənab addımlar ataraq, həmişə olduğu kimi, xoşməramlı siyasətini davam etdirir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elşən Musayev bildirib.
Deputat diqqətə çatdırıb ki, erməni tərəfi bu addımlardan nəticə çıxarmalı, adekvat davranış, reaksiya göstərməlidir. Nəzərə almaq lazımdır ki, işğaldan azad olunmuş Qarabağ torpaqlarında minalanmış ərazilərin xəritəsi hələ də Azərbaycana təhvil verilməyib. Halbuki, bu xəritəni vermək birbaşa Ermənistanın və onun rəhbərliyinin borcu, öhdəliyi idi.
Elşən Musayevin sözlərinə görə, müharibə artıq bitib və Ermənistan məğlubiyyətini etiraf edib. Məğlub olduğuna görə də sənəd imzalayıb, kapitulyasiya aktına qol çəkib. Ermənistan üçtərəfli Bəyanata qol çəkməklə öhdəlik götürüb. Öhdəlik götürüb ki, münasibətlərin təcavüz mərhələsindən çıxması üçün cəhd göstərəcək. Yaxşı, bəs o zaman dediklərinə, yazdıqlarına, qol çəkdiyi sənədlərin tələblərinə niyə riayət etmir və təxribatlarından əl çəkmir? Minalanmış sahələrin xəritəsini niyə vermir və mənfur, ümumbəşəri dəyərlərə zidd siyasətini davam etdirir? Ermənistan bu sualların cavabını verməlidir, həm də gecikmədən!
Deputat qeyd edib ki, Ermənistan onsuz da ağır vəziyyətdədir. Bu dövlət apardığı yanlış siyasətlə uzun illərdir özü-özünü məhvə sürükləyib. Heç olmasa, bundan sonra bu siyasəti dayandırsın. Anlasın ki, bunun axırı yoxdur. Yox əgər anlamasalar, növbəti dəfə Azərbaycanın dəmir yumruğunu başları üzərində görəcəklər.

Siyasət 2021-05-05 20:43:00