×
A
A
A
Sazlamalar

“Ulu Öndərin siyasətində dövlət-din münasibətləri: dünyəvilik və mənəvi birlik” mövzusunda videokonfrans keçirilib

Bakı, 5 may, AZƏRTAC

Mayın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ulu Öndərin siyasətində dövlət-din münasibətləri: dünyəvilik və mənəvi birlik” mövzusunda videokonfrans keçirilib.
DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, videokonfransda iştirak edən konfessiya rəhbərlərini, dini icma üzvlərini, gəncləri salamlayan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında milli-mənəvi, dini dəyərlərimizə qayıdış və dəyərlərin təbliği, inkişafında ümummilli lider Heydər Əliyevin rolundan, tolerant və multikultural ənənələrə verdiyi önəmdən bəhs edib.
Bildirib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın – azərbaycançılığın təşəkkül və inkişafında müstəsna rol oynayıb. Sovet dövründəki dinlə bağlı sərt qadağalar, din xadimlərinin repressiyalara məruz qalması, bütün dinlərə aid ibadət ocaqlarının dağıdılması, o cümlədən müstəqilliyimizin ilk illərində bütün sahələrdə olduğu kimi, din sahəsindəki pərakəndəlik dinlə bağlı daha həssas, qətiyyətli, həm də məqsədyönlü siyasətin həyata keçirilməsinə zərurət yaratdı. Məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu siyasət nəticəsində dövlət-din münasibətlərində həssas nəzarətlə bərabər, ölkədə etiqad azadlığı üçün şərait yaradıldı, dini dəyərlərə, ibadət yerlərinə və din adamlarına xüsusi qayğı göstərilməyə başlanıldı. Müstəqil dövlətin ilk milli Konstitusiyasında dini etiqad azadlığı, vicdan azadlığı tam şəkildə təmin edildi, dünyəvilik prinsipi dövlət-din modelinin əsası kimi müəyyənləşdi.
Komitə sədri qeyd edib ki, Azərbaycanın təməl prinsiplərini Ulu Öndərin ideyaları təşkil edən bugünkü nümunəvi dövlət-din, tolerantlıq modeli öz bəhrəsini verir. Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində qoyduğu siyasətin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla aparılmasının nəticəsidir ki, bu nümunə dünya ölkələri tərəfindən nümunəvi model kimi qəbul olunur. Dini məbədlərin inşası, bərpası və qorunması istiqamətində Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulayan komitə sədri Fondun həyata keçirdiyi işlərin təkcə ölkə daxilində deyil, onun hüdudlarından kənarda da böyük əks-səda doğurduğunu bildirib.
Azərbaycanın dövlət-din modelinin milli həmrəylik baxımından önəminə toxunan M.Qurbanlı onun dinlərarası anlaşma ideyası təlqin etdiyini, Vətən müharibəsi dövründə nümunənin, milli-dini həmrəyliyimizin sınaqdan uğurla çıxdığını, ölkəmizdə yaşayan müxtəlif dinlərin, etnosların nümayəndələrinin Azərbaycançılıq ideyası ətrafında “Dəmir yumruq” kimi birləşdiyini deyib.
Çıxışında sovet dövründə Azərbaycanda cəmi 17 məscidin fəaliyyət göstərdiyini, kilsə və sinaqoqların yararsız hala salındığını xatırladan M.Qurbanlı indi ölkəmizdə 2250 məscidin, 16 kilsə və 7 sinaqoqun olduğunu, 37-si isə qeyri-islam olmaqla 970 dini qurum dövlət qeydiyyatına alındığını deyib. Əlavə edib ki, dövlət müxtəlif konfessiyalara bərabər münasibət bəsləyir, İslam və qeyri-İslam dini icmalara maddi dəstək verir, azsaylı xalqların müxtəlifliklərinin qorunması istiqamətində öz qayğısını əsirgəmir. Bütün bunlar bir daha təsdiqləyir ki, müstəqil dövlətimizin siyasəti “Tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyət” kimi Ulu Öndərimizin uzaqgörənliyi sayəsində möhkəm, dayanaqlı özüllər üzərində qurulub. Azərbaycan bu gün Heydər Əliyev yolu ilə inkişaf edərək yeni-yeni uğurlara imza atır.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev tarixi şəxsiyyətin dini sahəyə qayğısına diqqət çəkərək Onun İslam dininə olan ehtiramı, məscidlərin və digər dini ibadət yerlərinin yenidən qurulmasına verdiyi töhfələr barədə danışıb. Bildirib ki, Ümummilli Liderin xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, məscidlərin, ziyarətgahların bərpası ilə bağlı tədbirləri həyata keçirməsi Onun bir daha xalqa mənən bağlılığını və islami dəyərlərə sədaqətini göstərən parlaq misallardır. Bibiheybət məscidinin də məhz Ulu Öndərin sayəsində yenidən tikildiyini bildirən S.Musayev bütün bunların Heydər Əliyevin dinə, islamiyyətə olan dərin inam və hörmətinin göstəricisi olduğunu vurğulayıb.
Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Azərbaycan xalqının çoxəsrlik adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında və tolerantlıq ənənələrinin möhkəmləndirilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri var. Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi, ölkəmizdə dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, dini abidələrimizin bərpası istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi. Məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasına dini etiqad azadlığı ilə bağlı bir sıra mühüm müddəalar salındı. Azərbaycan əhalisinin böyük əksəriyyətinin müsəlman olmasına baxmayaraq, konstitusiyada bütün dinlərin bərabərhüquqlu, hər bir vətəndaşın etiqad azadlığı olduğu xüsusi vurğulandı. Bununla dövlət-din münasibətlərində yeni bir mərhələnin əsasının qoyulduğunu deyən millət vəkili, eyni zamanda, Onun müsəlman ölkələri ilə əlaqələrin inkişafı, İslamın Qafqazda yayılmasının tarixinin öyrənilməsi, mədəniyyətlərarası dialoq və dinlərarası əməkdaşlıq sahələrinin inkişafına yönəlik xidmətlərindən bəhs edib.
Çıxışına Ulu Öndərin “Tolerantlıq xalqın yüksək mədəniyyətinin təzahürüdür” kəlamı ilə başlayan Bakı şəhəri dağ yəhudiləri dini icmasının sədri Melih Yevdayev bildirib ki, Onun rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir. Buna görə də Azərbaycandakı bütün xalqlar özlərini sərbəst, rahat hiss edir, dini inanclarına görə mənfi münasibətlərə məruz qalmır, dövlətin hüquqlu vətəndaşları olaraq yaşayırlar.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov isə “tolerantlıq və multikulturalizm” terminləri yaranmamışdan öncə də bu terminlərin ehtiva etdiyi prinsiplərin ölkəmizdə tətbiq edildiyini, eləcə də respublikamızda dini və etnik zəmində münaqişə yaşanmadığını vurğulayıb. Rektor müstəqil Azərbaycan Respublikasında multikultural mühitin qorunması, din-dövlət münasibətlərinin qurulmasında Heydər Əliyevin rolunun əvəzsiz olduğunu qeyd edib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyev multikultural dəyərlərə milli sərvət kimi yanaşaraq deyirdi: “Azərbaycanın çoxmillətli, tolerant ölkə olması bizim böyük sərvətimizdir, üstünlüyümüzdür... Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi Vətənidir... “Azərbaycan” sözü bizi həmişə birləşdirib”. A.Şirinov 2001-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının dövlət-din münasibətlərinin tənzimlənməsində uğurlu və uzaqgörən addım olduğunu diqqətə çatdırıb.
Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının ordinarisi Vladimir Fekete bildirib ki, multikulturalizm və tolerantlıq siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edən Heydər Əliyevin bu prinsipi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycanda müxtəlif dini icmaların nümayəndələri özlərini cəmiyyətin tərkib hissəsi hesab edir, din dövlətdən ayrı olsa da dövlətin diqqətini, qayğısını və himayəsini hiss edirlər.
Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski Ulu Öndərin Azərbaycanı böyük inkişaf yoluna çıxaran dahi şəxsiyyət olduğunu vurğulayaraq, ölkəmizdə multikulturalizm ənənələrinin formalaşması və bu modelin yaradılmasında Heydər Əliyevin çoxşaxəli xidmətlərini diqqətə çatdırıb.

Cəmiyyət 2021-05-05 20:25:00